Çavuşoğlu: Türkiyə və Rusiya bir-birinə etibar edir
24.06.2022 13:26 Dünyadan reaksiya 571
“Türkiyə və Rusiya arasında Ukraynadakı vəziyyətlə bağlı fikir ayrılıqları var, lakin tərəflər arasında etimad mövcuddur”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Bundan əvvəl Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib ki, Qara dəniz limanlarından taxıl ixracı məsələsində müəyyən irəliləyiş var, lakin Rusiya, Ukrayna və BMT ilə müzakirələr tələb edən texniki məsələlər qalır. Onun sözlərinə görə, Türkiyə yaxın günlərdə “taxıl problemi” ilə bağlı “müsbət addımlar” gözləyir.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Moskva və Kiyev “taxıl problemi”ndə razılığa gəlsələr, Ukrayna sularından kənarda “təhlükəsizlik zonası” yaradılacaq.
"Bəli, bir çox məsələlərdə, o cümlədən Ukraynadakı vəziyyətlə bağlı aramızda fikir ayrılıqları var. Amma biz əminik, Türkiyə Rusiya və Ukraynanı eyni masa arxasında bir araya gətirə biləcək yeganə ölkədir", - Çavuşoğlu deyib.
Onun sözlərinə görə, Ankara Qara dəniz limanlarından taxıl daşıyan gəmilərin ixracı üçün “taxıl problemi”ni mümkün qədər tez həll etməyə çalışır.
"Moskvada hərbi nümayəndə heyətimiz səmərəli görüş keçirdi. İndi biz Türkiyə, Rusiya Federasiyası, Ukrayna və BMT nümayəndə heyətlərini İstanbula toplamaq, orada mexanizm yaratmaq istəyirik", - o vurğulayıb.
BMT dəfələrlə taxıl qıtlığı səbəbindən ərzaq böhranı təhlükəsini bəyan edib, Qərb Rusiyanı dünya bazarlarına Ukrayna taxılının tədarükünə qarşı çıxmaqda ittiham edib, Moskva bu cür ittihamları qəti şəkildə rədd edib.
Rusiya prezidenti Vladimir Putin bildirib ki, Moskva Ukraynadan taxıl ixracına mane olmur və Ukrayna limanları təmizləsə, taxıl olan gəmilər problemsiz yola düşə biləcək.
Şərhlər