Ərdoğanın İran çantası - Azərbaycanı maraqlandıran mövzu da masada olacaq

08.07.2022 12:47     Dünyadan reaksiya     556

Səudiyyə Ərəbistanı, BƏƏ və İsraillə normallaşma prosesinə girən Türkiyə İranla da əlaqələrin səviyyəsini yüksəltmək üçün addımlar atır. Bu çərçivədə iyulun 19-da Tehrana səfər etməyi planlaşdıran Prezident Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı İbrahim Rəisi ilə görüşəcək.

Teleqraf.com xəbər verir ki, ikitərəfli əlaqələrdən tutmuş regional problemlərə qədər bir çox mövzuya toxunacaq iki liderin əlaqələrin inkişaf etdirilməsi və sürətləndirilməsi üçün anlaşma memorandumu imzalayacağı gözlənilir.

İmzalanacaq memoranduma əsasən, iki qonşu ölkə arasında müxtəlif sahələrdə uzunmüddətli əməkdaşlığın inkişafı üçün birgə mexanizmlər yaradılacaq.

Türkiyə, İran və BƏƏ arasında ticarət dəhlizi ilə bağlı prosesin də anlaşmaya daxil ediləcəyi gözlənilir. BƏƏ-dən başlayan və İran üzərindən Türkiyənin İsgəndərun limanına çatan ticarət yolu ilə daşıma müddəti 21 gündən bir həftəyə qədər azalacaq.

Digər tərəfdən, Prezident Ərdoğanın İran çantasında terrorizm, miqrasiya və insan qaçaqmalçılığı kimi təhlükəsizlik məsələləri var. Ərdoğan iranlı həmkarı ilə bu məsələlərdə həmrəyliyin artırılması üçün atılacaq addımları müzakirə edəcək.

Rusiya-Ukrayna müharibəsindən sonrakı enerji böhranı və Cənubi Qafqazın sabitliyi üçün yaradılan 3+3 platforması da müzakirə mövzuları arasındadır. Azərbaycanın Qarabağ zəfərindən sonra gündəmə gələn 3+3 formatında keçirilən görüşlərdə Türkiyə, İran, Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstandan mütəxəssislər iştirak edir. Platformanın növbəti iclası İranda keçiriləcək.

İki ölkə arasında ən kritik məsələ Suriyadır. Türkiyənin Suriyanın şimalında terror yuvalarına qarşı keçirməyi planlaşdırdığı hərbi əməliyyatdan əvvəl Türkiyənin İran səfəri böyük əhəmiyyət kəsb edir. Tehranda bu məsələnin hərtərəfli müzakirə olunacağı gözlənilir.

Reaksiya.az

Şərhlər