Kremldə “saray çevrilişi” təhlükəsi - Putinlə generallar arasında gərginlik
25.07.2022 12:25 Dünyadan reaksiya 359
Ukraynaya hücum etdikdən sonra öz generalları ilə “penalti” məsafəsində danışan Rusiya prezidenti Vladimir Putinin Tehranda İran və Türkiyə prezidentlərinin əllərini sıxması qərb mediasının diqqətindən yayınmayıb.
Təhlükəsizlik baxımından Kreml şefinin ehtiyatlı davranması və bu məsələdə məhdud sayda insana etibar etməsi haqqında çoxsaylı məlumatlar var. Britaniya məxfi xidməti Ukraynada müharibə başlayandan sonra Putinə qarşı sui-qəsd cəhdinin olduğunu iddia edir. Məhz bu sui-qəsd cəhdlərindən sonra Kreml şefi saray daxilində hər bir şəxslə “bərabər məsafə”də dayanmağa qərar verib.
Ukraynaya qarşı müharibə planının incəliklərinə qədər prezident Putin tərəfindən hazırlandığını iddia edən qərb ekspertləri Kremldə narahatlığın artmasından yazırlar. Plana əsasən Ukrayna müharibəsi may ayının ortalarına qədər bitməliydi. Ancaq Ukrayna müharibəsində vəziyyətin düzgün qiymətləndirilməməsi uğursuzluqla sonuclanıb.
Vladimir Putinin əmri ilə Ukraynaya müdaxilə son vaxtlar getdikcə uğursuzluqla nəticələnir. İldırım sürətiylə qələbə əvəzinə rusların guya zəif olan rəqibə qarşı böyük hücumu müharibənin ilk həftələrində dayandı. Artıq rus ordusunun komandanlığı hərbi əməliyyatları ölkənin şərq bölgələri ilə məhdudlaşdırmalı olub. Ukrayna rəsmiləri bazar günü bildiriblər ki, ölkənin cənub bölgəsi Xerson sentyabra qədər Kiyev qüvvələri tərəfindən geri alınacaq.
Qərbdən alınan uzaqmənzilli artilleriyadan cəsarətə gələn Ukrayna ordusu son günlər Xerson bölgəsindəki bir neçə ərazini geri qaytarıb.
Ukrayna ordusunun cəbhədəki uğurları artdıqca həm Kreml şefinin, həm də rus generallarının narahatlığı artır. Avropa və Amerika ölkələrində müsadirə olunmuş rus parasının miqdarı 500 milyard dollara yaxınlaşır. Hər bir oliqarxın arxasında bir generalın durduğunu nəzərə alsaq, əslində bu müharibədə ən çox uduzan tərəfin rus generallarının olduğunu yəqin etmək olar.
Rusiya ekspertlərinin fikrincə, Rusiya prezidentinə qarşı “saray inqilabı” ehtimalı böyükdür. Analitik Aleksey Muravyov Avstraliyanın “Sky News” televiziyasına müsahibəsində generallarla Kreml rəhbəri arasında ciddi gərginliyin olduğunu deyir: “Son həftələrdə Putinlə FSB arasında gərginlik artıb”.
Rusiya prezidentinin devrilməsi mümkündürmü? Son zamanlar saray çevrilişinin əlamətləri varmı?
Kreml daxilində də müharibə ilə bağlı tənqidlər artıb. Muravyovun sözlərinə görə, bir çox yüksək rütbəli hərbi məmurlar və FSB məxfi xidmətinin generalları uğursuzluğa görə şəxsən Putini günahlandırırlar. Analitik televiziyaya müsahibəsində bildirib ki, prezident vəziyyəti səhv qiymətləndirib və bir sıra yanlış qərarlar verib.
Rusiyalı ictimai xadim Leonid Volkov Almaniyanın “RND” agentliyinə müsahibəsində bildirir ki, ölkədə dəyişikliyə yalnız hərbi və biznes elitası nail ola bilər.
Rusiyalı hüquq müdafiəçisi Vladimir Oseçkin Tvıtterdə rus elitasının iki mərhələli “saray çevrilişi” planının olduğunu yazır.
Çevriliş məlumatlarının əsasən qərb məxfi xidmətlərinin mətbəxində hazırlandığını iddia edən Rusiyalı ekspertlərin ortaq fikirləri budur ki, Ukrayna ordusunun əhəmiyyətli uğurlarından sonra hər hansı “saray çevrilişi”ndən danışmaq olar.
ABŞ məxfi xidməti Rusiya vətəndaşları arasında agent axtarışını da sürətləndirib. Mərkəzi Kəşfiyyat İdarəsinin mütəxəssisləri tərəfindən etibarlı əlaqə imkanları qurulub. ABŞ kəşfiyyatı ilə əlaqə saxlamaq üçün internetdən istifadə kifayət edir.
Ukrayna müharibəsi ilə bağlı məlumatları anonim şəkildə ötürmək istəyən Rusiya vətəndaşlarına online instruksiyalar hazırlanıb. Mərkəzi Kəşfiyyat İdarəsi YouTube və digər onlayn platformalarda təhlükəsiz virtual şəbəkələrdən və brauzerlərdən necə istifadə etmək barədə təlimatlar dərc edib.
Çox güman ki, ABŞ məxfi xidməti daha böyük bir balığın tilova düşəcəyini gözləyir. Çünki Ukrayna müharibəsi ilə bağlı hərbi sirlərə yalnız Kremlin sularında üzən “akulalar” bələddirlər. “The New York Tımes” da ABŞ məxfi xidmətinin əsasən hərbi sirlərə çıxışları olan hökumət rəsmiləri ilə maraqlandığını yazır.
May ayında FSB generalı və beşinci idarənin rəisi Sergey Besedanın həbsi bir çox qaranlıq məqamlardan xəbər verir. Həbslə bağlı müəmmalar bu günə qədər davam edir.
ABŞ və Britaniya kəşfiyyatlarının Kreml daxilində agent axtarışı artıq öz bəhrəsini verməkdədir. Ukrayna hərbçiləri arasında Moskvaya işləyən 200 ə yaxın casusun aşkarlanması qərbin məxfi xidmətlərinin uğuru sayılır. Ukrayna ordusu rus casuslatından təmizləndikdən sonra Kiyevin əks-hücumu gücləndirəcəyi gözlənilir.
Şərhlər