İsrail qırıcıları Suriyaya hücum etdi

21.08.2015 14:43     Dünyadan reaksiya     2623

Suriyadan atılan dörd raket İsrailin şimalına və Holan Təpələrinə düşüb. Hücumlarda ölən və yaralanan olmayıb.

Reaksiya.az xəbər verir ki, İsrail ordusu hücumlara artilleriya atəşi ilə cavab verib. Qırıcılar isə Holan Təpələrində Suriya ordusuna aid mövqeləri bombalayıb.

İsrail ordusunun sözçüsünün fikrincə, İsrailə raket zərbələrini İran vətəndaşı Səid İsadi atıb: “Biz Suriyadakı müharibənin bir hissəsi olmaq istəmirik”.

Səidin Qüds Qüvvəsinin Fələstin təşkilatına rəhbərlik etdiyi iddiası irəli sürülüb.

İsrailin müdafiə naziri Moşe Yalon da İranı Holan Təpələrində İsrailə qarşı yeni terror cəbhəsi açmaqda günahlandırıb.

Suriya İnsan Haqları Rəsədxanası İsrailin Holan Təpələrinə təşkil etdiyi hücumları təsdiqləyib. Hücumlarda hələ ki, sayı bəlli olmayan itkilərin olduğu qeyd edilib.

Suriyanın rəsmi xəbər agentliyi SANA bir İsrail vertolyotunun Kuneytra bölgəsində dövlət qurumlarına aid bəzi binalara raketlə hücum təşkil etdiyini bildirib.

Vurulan binalar arasında Nəqliyyat Nazirliyinə aid tikilinin də olduğu deyilib.

Qeyd edək ki, İsrail 1967-ci ildə 6 günlük müharibədə Holan Təpələrini ələ keçirmişdi. Suriya 1973-cü ildə 1150 kvadrat kilometr böyüklüyündəki bölgənin bir qismini geri alıb. Dəməşq rəhbərliyi o zamandan bu yana bütün Holan Təpələrinin sülhsevər həll çərçivəsində özünə qaytarılmasını tələb edir.

Şərhlər

Çox oxunanlar