Tbilisidə İrəvan əleyhinə AKSİYA KEÇİRİLDİ - Edilliyə görə
13.10.2022 12:53 Dünyadan reaksiya 395
Gürcüstanın paytaxtı Tbilisidə yerləşən nüfuzlu beynəlxalq təşkilatların nümayəndəlikləri önündə Ermənistanın hərbi cinayətlərinə etiraz məqsədilə dinc aksiyalar keçirilib.
Marneulidə yerləşən "Azərbaycan Evi"nin rəhbəri Məhəbbət İmanovun təşkilatçılığı ilə baş tutan aksiyalar Gürcüstanın Xalq müdafiəçisi ofisi, BMT, Avropa Şurası və Avropa İttifaqının Tbilisidəki ofisləri qarşısında gerçəkləşdirilib.
Azərbaycan və Gürcüstan bayraqları ilə aksiyalara qatılan azərbaycanlı və gürcülər Ermənistanın hərbi cinayətlər qurbanlarının, o cümlədən Xocavənd rayonunun Edilli kəndində aşkar olunmuş kütləvi məzarlığın, 44 günlük Vətən müharibəsi dövründə cəbhə xəttindən on kilometrlərlə uzaqda olan Gəncə, Bərdə və digər şəhərlərin raket atəşinə tutulması nəticəsində həlak olan və yaralanan mülki şəxslərin, uşaqların fotolarını nümayiş etdiriblər.
"Biz çoxsaylı hərbi cinayətlərə görə məsuliyyət daşıyan erməni silahlı qüvvələrinin qanun qarşısında cavab verməsini tələb edirik!", "Uşaqların öldürülməsini dayandırın!", "Erməni terrorunu dayandır!", "Azərbaycan torpaqlarında erməni əsgərlərinə YOX!", “Ermənistan, bizim torpaqlarımızın minalandırılmasını dayandır!", "Biz beynəlxalq təşkilatları Ermənistanın hərbi cinayətlərini pisləməyə çağırırıq!" və s. kimi şüarların əks olunduğu plakatlar vasitəsilə aksiya iştirakçıları beynəlxalq təşkilatlardan və dünya ictimaiyyətindən Ermənistanın hərbi cinayətlərinə münasibət bildirilməsini tələb ediblər.
Aksiyada iştirak edən tanınmış hüquqşunas Levan Tsaluğelaşvili, xəbər portalımıza müsahibəsində Edilli kəndində baş verənləri qınayıb və kütləvi şəkildə diri-diri insanların qətlini vəhşilik adlandırıb.
Qeyd edək ki, aksiyanın sonunda Gürcüstanda fəaliyyət göstərən 100-ə yaxın Azərbaycan icmasının adından beynəlxalq təşkilatlara ünvanlanmış bəyanat təqdim edilib.
Şərhlər