Consonun liderlik uğrunda yarışdan çəkilməsinin SƏBƏBİ
07.11.2022 15:06 Dünyadan reaksiya 425
Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson sələfi Liz Trassın da istefasından sonra yenidən liderlik uğrunda yarışa qatılmamış və bununla hazırkı baş nazir Rişi Sunakın önünü açmışdı.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Böyük Britaniyanın “The Observer” qəzeti maraqlı versiya irəli sürüb.
Qəzetin yazdığına görə, Boris Conson çıxışlarından və xatirələrini əks etdirəcəyi kitablarını satmaqdan ildə ən azı 10 milyon funt sterlinq gəlirdən məhrum olmaq istəməyib. Yəni Consonun geri çəkilmək qərarında rol oynayan əsas faktor maliyyə mülahizələri olub.
Bu ilin iyul ayında istefa verəndən bəri Consonun müxtəlif əyləncə və mədəniyyət sektorunun mühüm fiqurları ilə, o cümlədən amerikalı iş adamı Ari Emanuel tərəfindən idarə olunan “Endeavour” və onun törəmə “Harry Walker Agency” (HWA) agentliyi ilə danışıqlar apardığı bilinir.
“HWA”nın müştərilərinə Bill Clinton, Barak Obama və Serena Williams kimi tanınmış simalar daxildir.
Boris Consonun potensial gəliri ildə təxminən 20 milyon funt sterlinq qiymətləndirilir.
Qəzet Boris Consonun çəkilmək qərarından bir çox torinin (mühafizəkarların ikinci adı) təəccübləndiyini və hətta məyus olduğunu yazıb. Lakin sabiq baş nazir seçkidə Rişi Sunaka uduzmaq riskini göz önünə almayıb. “The Observer”dəki qaynağın sözlərinə görə, Ari Emanuellin ofisi Consona açıq şəkildə Rişi Sunaka uduzması halında, qlobal auditoriya üçün cəlbediciliyi itirəcəyini və buna görə də gəlirinin əhəmiyyətli bir hissəsindən məhrum olacağını bildirib.
Şərhlər