Ermənistan ABŞ-ın “şübhəli ölkələr” siyahısında – İrəvanın gizli xəyanəti
26.04.2023 12:46 Dünyadan reaksiya 584
“ABŞ Konqresinin bir qrup ermənipərəst konqresmeni yenə fəallaşıb, Azərbaycanın Ermənistanla sərhədlərini nəzarət altına alınmasına qarşı bəyanatlar verirlər. Halbuki Konqres Ermənistanın siyasəti ilə bağlı sərt bəyanat verməlidir”.
Bunu politoloq Elxan Şahinoğlu qeyd edib.
Politoloq ABŞ nümayəndəsinin Rusiya ilə əməkdaşlığı olan ölkələrə səfərinə diqqət çəkib:
“ABŞ Rusiyaya tətbiq etdiyi sanksiyaları nəzarət altında saxlamağa çalışır. Çünki Vaşinqton hesab edir ki, Rusiyaya qonşu olan bir qisim ölkə sanksiyaları nəzərə almırlar. Bu baxımdan ABŞ maliyyə nazirinin müavini Elzabet Rozenberqin Mərkəzi Asiya ölkələrinə səfəri diqqət çəkir. O keçirdiyi görüşlərdə Mərkəzi Asiya ölkələrini Rusiyanın sanksiya altında olan şirkətləri ilə əməkdaşlıqdan çəkindirməyə çalışıb. Bundan əvvəl Mərkəzi Asiya ölkələrinə dövlət katibi Entoni Blinken və digər amerikalı rəsmilər səfər etmişdilər. Onlar da səfər etdikləri ölkələri Rusiyanın sanksiya altında olan şirkətləri ilə əməkdaşlıqdan imtinaya çağırmışdılar. Avropa İttifaqının nümayənlərinin də Mərkəzi Asiya ölkələrinə səfərləri qeydə alınıb”.
Elxan Şahinoğlu
E.Şahinoğlu bildirib ki, ABŞ Maliyyə Nazirliyinin şübhəli dövlətlər siyahısında Ermənistan da var:
“ABŞ və Avropa İttifaqı bir sıra dövlətlərə seçim təklif edib: Ya dünya iqtisadiyyatı çərçivəsində əməkdaşlığa davam etmək, ya da Rusiyaya maddi dəstək qarşılığında məhrumiyyətlərlə üzləşmək. Vaşinqton və Brüsseldə hesab edirlər ki, bir qisim dövlətin Rusiya ilə idxal-ixrac əməliyyatları artıb. Bu da Vaşinqton və Brüsseldə şübhə yaradıb ki, həmin dövlətlər ABŞ və Avropadan aldıqları məhsulları sonradan Rusiyaya satırlar. ABŞ Maliyyə Nazirliyinin siyahısında şübhəli 18 dövlətin adı çəkilib. Bunların içərisində Mərkəzi Asiya ölkələri ilə yanaşı Ermənistan da yer alıb. Ermənistanın son aylarda Rusiyaya ixracı xeyli dərəcədə artıb. Bu, Qərbdə şübhələr yaradıb ki, Ermənistan Kremlin istəyi ilə Qərb ölkələrindən aldığı məhsulları Rusiyaya ötürür. Mexanizm belədir: Rusiyanın sanksiya altında olan şirkətləri lazımi avadanlıqları əldə etmək üçün Ermənistan banklarına pul köçürür, həmin pulla Ermənistan Qərbdən gərəkli avadanlıqları alaraq Rusiyaya ötürür. Ermənistandan fərqli olaraq Qazaxıstan Rusiya ilə ixdal-ixrac əməliyyatlarında ehtiyatlı mövqeyə üstünlük verməyə çalışır. Təsadüfi deyil ki, Astana bir müddət əvvəl Moskvadakı ticarət nümayəndəliyini qapadıb”.
Politoloq Çinin mövcud vəziyyətdə müxtəlif vasitələrlə Vaşinqtonun bölgəyə təsirini azaltmağa çalışdığını bildirib:
“Vaşinqton Pekinin də Rusiyanı sanksiyalardan qurtarmağa çalışdığını müşahidə edir. Çinin nəhəng şirkətləri Qərb sanksiyaları ilə hesablaşaraq Rusiya ilə ticarətə diqqət yetirirlər. Çünki Çinin həmin şirkətləri Qərbin sanksiyaları ilə üzləşmək istəmirlər. Bu halda həmin şirkətlər ABŞ və Avropa bazarını itirə bilərlər. Buna baxmayaraq, rəsmi Pekinin regional siyasəti Rusiyanın xeyrinədir və Kreml bu yolla sanksiyalardan qurtulmağa çalışır. Misal üçün Pekinin Səudiyyə Ərəbistanı ilə İranı barışdırması Moskvanın işinə yarayıb. Pekin Körfəz ölkələri ilə sıx əlaqələr qurmaqla ABŞ-ın bu bölgəyə təsirini azaltmağa çalışır. Belə olan halda Körfəz ölkələri həm İran, həm də Rusiya ilə əlaqələr qurmağa başlayırlar. Səudiyyə Ərəbistanı martın ilk ongünlüyündə Rusiyadan 2.5 milyon ton dizel yanacağı alıb. Vaşinqtonda şübhələnirlər ki, Səudiyyə Ərəbistanı Rusiyadan aldığı nefti emal etdikdən sonra müxtəlif ölkələrə satır. Bu səbəbdən Vaşinqton Ər-Riyadla dialoqu genişləndirib. Pekinin vasitəçilik təşəbbüsləri və Körfəz ölkələrinin İranla dialoqu Vaşinqtonda narahatlıq doğurub”.(globalinfo)
Şərhlər