Hakan Fidan dünya mediasında: "Görünməz əl" səhnəyə çıxır

05.06.2023 17:28     Dünyadan reaksiya     767

Türkiyədə keçirilən tarixi seçkilərdən sonra yeni kabinet açıqlandı. Prezident Rəcəb Tayyib Ərdoğan Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidanı Xarici İşlər Naziri təyin etdi. MİT rəhbərliyindən Türkiyə diplomatiyasına rəhbər təyin edilən ilk məmur kimi tarixə düşən Hakan Fidana, gözlənildiyi kimi həftə sonundan etibarən beynəlxalq media böyük maraq göstərib.

Reaksiya.az Hürriyət-ə istinadən xəbər verir ki, “Türkiyənin kəşfiyyat şefi bir nömrəli diplomat oldu” başlığı ilə təhlil dərc edən məşhur “Forbes” jurnalı “Hakan Fidanın zəkasını və strateji bacarığını hamı bilir” ifadələrinə yer verib və əlavə edib: “İndi Fidan adını qəzetlərdə yazdıracaq, hərəkətə gətirdiyi fövqəladə prosesləri təsdiqləyəcək, kəşfiyyat məlumatları toplama və siyasətin müəyyənləşdirilməsi arasındaki boşluqda körpü quracaq."

Prezident Ərdoğanın baş nazirliyi dönəmində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) sədrliyi və Baş nazirlik müşaviri müavini kimi vəzifələri icra edən Fidan, 2010-cu ildə 42 yaşında MİT rəhbəri təyin edilib.

O dövrün İsrailin baş naziri Ehud Barak, Fidanın Türkiyə kəşfiyyatının başına gətirilməsinin, narahatlıq doğuran bir hadisə olduğunu bildirmişdi. Narahatlığını əvvəlcə qapalı görüşdə, daha sonra açıq şəkildə Barak dilə gətirmişdi.

MİT-ə 13 il rəhbərlik edən Hakan Fidan 2013-cü ildə verdiyi nadir açıqlamalarından birində bildirdi ki, “Dünyada ilk dəfə bir dövlət (İsrail) başqa bir dövlətin kəşfiyyat idarəçiliyinə reaksiya verdi və açıq bir formada öz maraqları üçün Hakan Fidanın MİT-in başına gəlməsini istəmədi və bunu rəsmi açıqlamayla bəyan etdi". 

Ərdoğanın “sir küpüm” olaraq adlandırdığı Hakan Fidanın mandatının ilk illərində həll prosesi, 15 iyul çevriliş cəhdi kimi Türkiyənin taleyini dəyişən hadisələr baş verdi. 2016-cı ildən sonra isə MİT daha çox xarici əməliyyatlarla yaddaşlarda qaldı. 

Suriya və İraqdaki terror təşkilatı PKK-nı hədəf alan əməliyyatlarla yanaşı, Türkiyənin Liviyada artan nüfuzunun arxasında MİT dayanırdı. Bundan başqa, Qafqazdan Ukraynaya qədər bütün regional proseslərdə fəal rol oynayan Türk kəşfiyyatı, Ankaranın Yaxın Şərq ölkələri ilə münasibətlərinin normallaşmasında da aparıcı rol oynayıb.

Reaksiya.az

Şərhlər