Rus generalı HDQ-nin ağır itkilərini etiraf etdi - Nazirlik təbrik videosunu sildi

03.08.2023 16:22     Dünyadan reaksiya     912

Rusiya Müdafiə Nazirliyinin “Zvezda” telekanalının saytı Hava-Desant Qüvvələrinin (HDQ) komandirinin HDQ günü ilə bağlı təbrikini silib.

"Reaksiya.az" Rusiya mediasına istinadla xəbər verir ki, videoda general-polkovnik Mixail Teplinski dolayısı ilə Rusiya hərbçilərinin Ukraynadakı müharibədə böyük itkilər verdiyini etiraf edib.

Teplinski təbrikində qürur hissi keçirdiyini bildirib ki, müharibənin il yarımı ərzində “beş mindən çox yaralı desant müalicədən sonra cəbhəyə qayıtdı, üç min yarımdan çox yaralımız isə cəbhəni tərk etməkdən imtina etdi".

Beləliklə, Rusiya hərbi qollarından yalnız biri olan Hava-Dəniz Qüvvələrinin ən azı 8,5 min yaralı olduğu məlum olub.

Rusiya Ukrayna ilə müharibədə itkiləri açıqlamır, 8,5 min yaralının etirafı müharibə ərzində Rusiya rəsmiləri tərəfindən deyilən ən yüksək göstəricidir. Teplinskinin ölənlərin sayını açıqlamamasına baxmayaraq, müharibədə minlərlə paraşütçünün həlak olduğunu güman etmək olar.

2022-ci ilin fevralında Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının başlanğıcında hava-desant qoşunları böyük itkilər verib. İtkiləri hesablayan “Mediazona” və BBC Rus Xidmətinin jurnalistləri iyulun 28-dək ən azı 1842 paraşütçünün, o cümlədən 322 zabitin öldüyünü təsdiqləyiblər. Onların arasında general-mayor Andrey Suxovetski və səkkiz polkovnik də daxil olmaqla azı 37 yüksək rütbəli zabit var.

“Meduza” və “Mediazona”nın araşdırmasına görə, 2022-ci ilin fevralından bu yana Ukraynada ölən rus hərbçilərinin ümumi sayı 47.000-dir. Onlardan 25 mindən çoxu adbaad təsdiqlənib.

Ukrayna da müharibədəki itkiləri açıqlamır. Yazda Pentaqondan sızdığı iddia edilən sənədlərdə Amerika kəşfiyyatının Ukrayna ordusunun itkisini 15,500-17,500 ölü və 109,000-113,000 yaralı olaraq qiymətləndirdiyi bildirilir.

Şərhlər