Poqosyan: Nikol Bakıya qarşı "yeni təkliflə" gediş edir

18.01.2024 11:59     Dünyadan reaksiya     233

Ermənistanla Azərbaycan arasında silahlara nəzarət sazişinin imzalanması qeyri-realdır və Ermənistanın belə bir təklifi Azərbaycan gündəminə qarşı çıxmaq və ya Ermənistanın gündəmini formalaşdırmaq cəhdidir.

Bu sözləri politoloq Benyamin Poqosyan Baş nazir Nikol Paşinyanın təklifi haqda qeyd edib.

Poqosyanın sözlərinə görə, belə bir sazişin bağlanması uzun hazırlıq işləri tələb edir:

“İlk növbədə, müəyyən səviyyədə qarşılıqlı etimad, düşmənçilik və ya şantajın olmaması tələb olunur. Bakı isə Ermənistanın ərazi bütövlüyünü tanımır, “Qərbi Azərbaycan” ideyası növbəti hərbi təcavüzə potensial olaraq zəmindir”.

Poqosyan hesab edir ki, Ermənistan indi müəyyən çaşqınlıq içindədir:

“Çünki İrəvan ümid edirdi ki, Qarabağ məsələsi Ermənistanla Azərbaycan arasında münasibətlərdə dönüş nöqtəsi yarada və sülh sazişi imzalana bilər; İrəvan ümid edirdi ki, bunun ardınca Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşması və sərhədlərin açılması olacaq ki, bu da öz növbəsində iqtisadi inkişafa əlavə təkan verəcək, Qərbdən sərmayələrin cəlb edilməsinə kömək edəcək və növbəti 10-15 il ərzində vəziyyəti sabitləşdirəcək. İndi məlum oldu ki, bunların heç biri baş vermir. Hökumət bunun nə üçün baş verdiyini anlamağa çalışır”.

O əlavə edib ki, bir tərəfdən hələ də sülh yoxdur, təhlükəsizliyin təmin edilməsi xüsusən Ermənistanın cənub rayonlarında dəfələrlə çətinləşib, digər tərəfdən Rusiya ilə münasibətlər korlanıb:

“Qərbin 2023-cü ilin Rusiyanın Ukraynadakı “hərbi məğlubiyyəti” ilə başa çatacağı ilə bağlı proqnozları özünü doğrultmadı. İndi də xarici siyasət proseslərinin inkişafını yanlış dəyərləndirən Ermənistan hökuməti Azərbaycan gündəminə qarşı çıxmaq və ya özünün gündəmini formalaşdırmaq üçün müəyyən addımlar atmağa məcburdur”.(axar)

Reaksiya.az

Şərhlər