“Türkiyə Prezidenti bu məsələdə son dərəcə həssas davranıb”

06.02.2024 12:45     Dünyadan reaksiya     198

“11 şəhərdə 14 milyon insanın zərər gördüyü Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra Türkiyə dövləti tərəfindən sürətli bərpa və yenidənqurma işlərinə başlanılıb”.

Reaksiya.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun bildirib.

Onun sözlərinə görə, zəlzələ bölgəsindəki 11 şəhərdə 930 tikinti sahəsində 110 min 450 işçi gecə-gündüz çalışır: “Bu çərçivədə ümumilikdə 307 min evin əksəriyyətinin tenderi keçirilib. Tenderləri keçirilmiş bina və kənd evlərinin tikinti prosesi sürətlə davam edir. İctimaiyyətin bu işləri yaxından izləməsi üçün media mənsublarının bölgədə iştiraklarını asanlaşdırmağa və fəaliyyətlərinə dəstək verməyə çalışırıq. Bu prosesin ən mühüm tərəfi ictimaiyyəti açıq və şəffaf şəkildə məlumatlandırmaqdır. Biz zəlzələnin ilk anından bu məsələyə böyük diqqət yetirdik. İctimaiyyət faktları ən doğru və şəffaf şəkildə əldə edə bilir. Biz bunun mümkün olması üçün səy göstərdik. Bu müddət ərzində Türkiyə mediası çox böyük fədakarlıq göstərdi və millətimizə həqiqəti çatdırmaq üçün böyük əzmlə meydanda çalışdı”.

F. Altun, həmçinin əlavə edib ki, Türkiyə Prezidenti bu məsələdə son dərəcə həssas davranıb: “Biz də öz sahəmizdə Türkiyə olaraq əsrin fəlakətini təbii fəlakət koordinasiyası kontekstində bir milad kimi qəbul edirik. Bu baxımdan qarşımıza belə bir hədəf qoyduq: Türkiyənin fəlakət koordinasiyası nöqtəsində olduğu səviyyəni daha da yüksəltmək, bunun üçün böyük səy göstərmək və bu sahədə akademik və intellektual mükəmməlliyi artırmaq”.

Xatırladaq ki, ötən il fevralın 6-sı Türkiyədə baş vermiş 7,8 və 7,5 bal gücündə zəlzələlər nəticəsində 50 mindən çox insan həyatını itirib.

Reaksiya.az

Şərhlər