Rusiyadan İrəvana KTMT xəbərdarlığı

07.02.2024 20:43     Dünyadan reaksiya     129

“Ölkələrimiz müttəfiq olaraq qalır. Erməni xalqının maraqları Rusiya ilə mehriban qonşuluq əlaqələrindən ayrılmazdır və biz ümid edirik ki, Ermənistan dövlətinin rəhbərliyi mövcud geosiyasi transformasiyalar fonunda bunu nəzərə alacaq və düzgün seçim edəcək. Xüsusilə qeyd etmək istərdim ki, bu, Rusiya baxımından deyil, Ermənistan xalqının maraqları baxımından düzgündür”.

Reaksiya.az erməni mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı jurnalistin xahişi ilə Ermənistanın baş naziri Nikol Paşinyanın bir sıra səbəblərə görə “Rusiya müdafiə və texniki sahədə Ermənistanın əsas tərəfdaşı ola bilməz”, sözlərini şərh edərkən deyib.

XİN sözçüsü deyib ki, konkret olaraq, Rusiya Federasiyası və Ermənistan Respublikası arasında təhlükəsizlik sahəsində və hərbi-texniki əməkdaşlıq baxımından etibarlı ikitərəfli hüquqi baza mövcuddur. “Söhbət 1997-ci il Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsi, 1995-ci ildə Ermənistan ərazisindəki Rusiya hərbi bazası, 2015-ci ildə vahid regional hava hücumundan müdafiə sisteminin yaradılması haqqında dövlətlərarası müqavilələr, 2000-ci ildə hava hücumundan müdafiə üzrə birgə döyüş vəzifəsindən gedir və hər iki ölkənin suverenlik, ərazi bütövlüyü və təhlükəsizliyin qorunması da daxil olmaqla bir-biri qarşısında öhdəlikləri var”, - deyə Zaxarova bildirib.

O qeyd edib ki, İrəvan həm də KTMT çərçivəsində, o cümlədən mümkün təcavüz halında kollektiv qarantlar altındadır. Xatırladıb ki, Kollektiv Təhlükəsizlik Müqaviləsini inkişaf etdirmək və gücləndirmək məqsədilə 2016-cı ildə Rusiya və Ermənistan Qafqaz kollektiv təhlükəsizlik regionunda tərəflərin təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulmuş birgə qoşunlar qrupu haqqında saziş imzalayıblar.

“Və bu mənada KTMT çərçivəsində aktiv qarşılıqlı fəaliyyətə qayıdış, ilk növbədə, Ermənistanın özünün maraqlarına cavab verir”, o vurğulayıb.

M.Zaxarova əlavə edib ki, İrəvanın ixtiyarında olan geniş təşkilatçılıq imkanları, çoxillik təcrübəyə əsaslanan potensialı var.

“Biz əminik ki, Avropa İttifaqının bəyan edilmiş məqsədlərdən uzaq məsələlərlə məşğul olan missiyasının psevdomüşahidəçilərindən fərqli olaraq, KTMT Cənubi Qafqazda sabitləşdirici rol oynamağa qadirdir”, - deyə Rusiya diplomatı fikirlərini yekunlaşdırıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar