Sırski etnik rusdur: Zelenski bu təyinatla sübut etdi ki…

14.02.2024 11:00     Dünyadan reaksiya     100

Ukrayna ordusunun yeni komandanı Aleksandr Sırskini etnik rusdur – Zelenski onu bu vəzifəyə təyin etməklə həm də Rusiyanın “faşizm-nasizm” kimi mənasız nağıllarına cavab vermiş oldu. Ümumiyyətlə, Ukrayna siyasi elitasında gürcü, tatar, rus və s. millətlərin nümayəndələri var.

Reaksiya.az xəbər verir ki, bu sözləri siyasi müşahidəçi və iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

O bildirib ki, Sırskinin həyat hekayəsi bu gün baş verən hadisələrin böyük bir faciə, Putinin ambisiyalarının qardaş qırğınına səbəb olduğunu aşkar göstərir:

“Sırski Rusiyanın Vladimir vilayətində anadan olub, günü bu gün də atası Stanislav Sırski və anası Lyudmila Sırskaya Rusiyada, Vladimir vilayətində yaşayırlar. Qardaşı Oleq Sırski də Rusiyada yaşayır, Kreml mətbuatı onun ailəsini danışdırıb, hamısı, guya, ondan zəhləsi getdiyini, ona nifrət etdiklərini söyləyiblər - əsl faşizm budur.

Son günlər vacib media və siyasət hadisəsi olan Karlsonun Putinlə müsahibəsində bir epizod oldu: Putin, guya, yaxşı bir hadisə danışırmış kimi söylədi ki, ruslar cəbhədə Ukrayna əsgərlərinin bir neçəsini mühasirəyə alıblar və onları təslim olmağa çağırıblar. Qarşı tərəf, yəni ukraynalılar isə, “ruslar təslim olmur”, deyib sona qədər vuruşub həlak olublar. Putin bunu danışarkən özü də anlamadan hansı böyük bir cənayət törətdiyini, qardaş qırğını saldığını, faktiki vətəndaş müharibəsi getdiyini etiraf etmiş oldu – 21-ci əsrdə böyük faciədir”.

Ekspert Karlsonun müsahibəsinə də toxunub və bildirib ki, bu, jurnalist olaraq onun üçün böyük uğurdur:

“Qərbdə əsl jurnalistika uğuruna qarşı kəskin münasibət, hətta Takeri həbs etməyə, AB-yə buraxmamağa çağırışlar Qərb üçün böyük ayıbdır, söz-mətbuat azadlığı kimi dəyərlərə xəyanətdir. Qərb mediası zaman-zaman hətta terrorçulardan, Ben Ladendən belə müsahibə alıb, belə müsahibələri jurnalistika uğuru sayıblar. İndi jurnalistə, jurnalistikaya belə münasibət Qərbin bəzi dairələrinin “sovetləşməsi” əlamətidir. Bəli, məhz sovetləşməsi, Qərbin bəzi dairələrinin siyasətə yanaşması SSRİ-nin son illərini, təqribən, son 15 ilini xatırladır – söz azadlığı boğulur, “mainstream” elita və mətbuatın dediklərinə qarşı çıxmaq olmur, biz bunu kovid zamanı lap açıq gördük.

İnsan övladı öz haqq və azadlıqları uğrunda yüzillərlə mücadilə edib, yaxşı ki, bu, əsasən, Qərb cəmiyyətində dərin kök salıb və “genlərə” işləyib. Bu onu deməyə əsas verir ki, Qərbdə elita dəyişimi qaçılmazdır, bu proses artıq gedir, daha da sürətlənəcək və Qərb əsl ayarlarına – demokratiya, insan haqları, söz azadlığı qavramlarına geri dönəcək”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar