"Bu, PUTİNİN QƏLƏBƏSİDİR" - Müharibənin yeni mərhələsi BAŞLADI
18.02.2024 13:15 Dünyadan reaksiya 125
Xəbər verdiyimiz kimi, Ukrayna rəhbərliyi qismən Rusiyanın işğalı altında olan Donetsk vilayətində kritik cəbhə xətti olan Avdievkadan çəkilmək qərarına gəldiyini açıqlayıb. Kiyev administrasiyası buna səbəb kimi cəbhədə döyüş sursatı və əsgər çatışmazlığını göstərib.
Reaksiya.az xəbər verir ki, Ukrayna lideri Volodimir Zelenski Münxen Təhlükəsizlik Konfransındakı çıxışında bu addımı “Bizim üçün ən vacib vəzifə xalqımızı xilas etməkdir” sözləri ilə izah edib.
Bu qərarın Rusiyanın mümkün mühasirəsinə qarşı verildiyini deyən Zelenski əsgərlərin bir neçə kilometr geriyə çəkilməsinin rusların nəyəsə nail olması demək olmadığını bildirib. O, “süni” adlandırdığı silah çatışmazlığının Rusiya lideri Vladimir Putinə xeyir verdiyini deyib. Ukraynanın yeni Baş Qərargah rəisi Oleksandr Sirski də əsgərlərin həyatının vacib olduğunu, buna görə də fərqli müdafiə xəttinə çəkildiklərini bildirib. Avdievkanın geri çəkilməsi Sirskinin vəzifəyə gəldikdən sonra qəbul etdiyi ilk mühüm qərardır.
Kiyev administrasiyasının qərarı ABŞ-ın Ukraynaya hərbi sursat dəstəyini kəsməli olduğu dövrə təsadüf edib. ABŞ Konqresi ABŞ-Meksika sərhədindəki miqrasiya böhranını əsas gətirərək, Bayden administrasiyasının Ukrayna üçün tələb etdiyi 60 milyard dollarlıq yardım paketini təsdiqləməyib.
Xarici mətbuat yazır ki, Avdievka hadisəsi mart ayında keçiriləcək seçkilərdə yenidən namizədliyini irəli sürən Rusiya lideri Vladimir Putinin simvolik qələbəsi və müharibənin yeni mərhələsi kimi xarakterizə oluna bilər.
Bununla belə, ekspertlər Avdivkanın ələ keçirilməsinin ruslara müharibədə o qədər də üstünlük verməyəcəyini deyir.
Şərhlər