Putinə qarşı plan: Navalnını onlar öldürüb

20.02.2024 09:30     Dünyadan reaksiya     56

Rusiyada de-fakto mövcud olmayan siyasi müxalifətin son “ümid yeri”, daha doğrusu, Qərbin “sonuncu rıçağı” olaraq bilinən siyasi məhbus Aleksey Navalnının ölümü bütün oxları yenidən Putinin üzərinə yönəltdi. Boris Nemtsovun Kremlin divarları dibində, sanki görk olsun deyə açıq-aşkar qətlə yetirilməsindən sonra Navalnının ölümü – ölüdürülməsi o qədər də təəccüblü olmamalıdır və Kremlin divarları arxasında əyləşənin bütün dünyaya meydan oxuyan Putin olduğunu düşünəndə əminlik bir qədər də artır.

Putin “dar ağacına” çıxardığı opponentinin ayaqları altından kətili çəkdi. Navalnının ölümü dünyanın ictimai rəyində bu formada qəbul edilir, Rusiyada siyasi mübarizə təcrübəsi də bu rəyi gücləndirir. Axı Navalnı da həbsxanaya siyasi mövqeyinə görə salınmışdı. Lakin “yerinə oturmayan daşlar” var və açıq suallar yaradır:

- Nemtsov qədər “çəkili” olmayan Navalnının salındığı kameradan mövcud hakimiyyətə risk yaratmaq imkanı minumum idi və Rusiyada prezident seçkilərinə hazırlıq öncəsi onun öldürülməsi Putinə “başağrısından” başqa heç nə vermir: Putin indiki məqamda niyə onun “ölüm fərmanı”nı imzalasın?

- Fərz edək ki, Putinin öz “ayağına sıxmaqdan” başqa bir şey olmayan “ölüm fərmanı”nı verməsinin gizli məqamları var, o zaman, başqa bir gün deyil, məhz Münhen Təhlükəsizlik Konfransının işə başladığı gün bunu niyə etsin?

Əksinə, burada “səbəb-nəticə” məntiqi işləyir. Və nəticəyə baxdıqda – seçkidən öncə Putinə ən azı “başağrısının” yaradılması, o cümlədən, Münhendə Rusiyaya qarşı həmrəylik motivinin əldə edilməsi Navalnının ölüm fərmanının Kreml divarlarından kənarda verildiyi fikrini gücləndirir. Axı belə bir ölüm seçkiyə hazırlaşayn Putinin nə qədər amansız olduğunu təkcə nəzərə almadığı beynəlxalq ictimai rəydə yox, öz xalqında da yaradacaq, rus ictimaiyyəti dilə gətirməsə belə, ən azı bu haqda düşünəcək. Hətta bunun seçki qutularından çıxacaq nəticələrə təsir etməsi ehtimalı az olsa belə, ümumi əhval-ruhiyəni korlamağa yetəcək qədər olduğu aydındır.

Bütün bunların fonunda Navalnının ölüm fərmanını Putinin yox, məhz ona qarşı olanlar tərəfindən verildiyi ehtimalı ön plana çıxır. Və belə demək mümkünsə, Qərb növbəti siyasi gedişi naminə öz “filini” qurban verir, hələ də həyatla mübarizə aparan Saakaşvilinin timsalında bunun iki dəfə - 2013 və 2021-ci ildə şahidi olmuşuq.

Hərçənd, bu versiyalar da pazlı tamamlamır və bəlkə də böyük tablonun ən önəmli parçası Navalnının ölüm fərmanının icraçılarıdır. Bu, Navalnının ölümünün arxasında Avropa paytaxtlarından İK-3 “Qütb canavarı” həbsxanasına qədər uzanan böyük şəbəkənin dayandığını deməyə əsas verən amildir. Misal üçün, Navalnının fevralın 16-da cümə günü saat 14:17-də öldüyü deyililir və Rusiya Federal Penitensiar Xidmət cəmi iki dəqiqə sonra - 14:19-da bununla bağlı rəsmi açıqlama yayır. Rusiya kimi bürokratik bir imperiyada siyasi çalar daşıyan məsələ ilə bağlı bu qədər sürətli açıqlama verilməsi şübhəlidir və istisna deyil ki, bu açıqlamanı verənlər Kremlin təlimatını gözləməyiblər, cəmi iki dəqiqə fərqi də bunu göstərir.

Və bu şəbəkənin məqsədi təkcə Putinin seçki planlarını sabotaj etmək, yaxud Münhenə mövzu çıxarmaqdan daha dərinə gedir.

“Bild” nəşrinin yaydığı məlumat bu kontekstdə diqqəti sirli hesab edilə biləcək məqamlara yönəldir. Nəşr yazır ki, Navalnı tezliklə azadlığa çıxacaqdı. Moskva, Vaşinqton və Berlinin iştirak etdiyi danışıqlarda Navalnının Almaniyada həbsdə olan rusiyalı agent Vadim Krasikovun Rusiyaya təhvil verilməsi qarşılığında azad ediləcəyi gözlənilirdi. Putinin agent Vadim Krasikovu almaqda israr etdiyi vurğulanır. Adı o qədər də məşhur olmayan Krasikov “ikili agent” olub və Navalnının ölümü bu “barteri” təxirə saldı. Navalnını öldürənlər məhz bu “barterin” baş tutmasını istəməyənlər ola bilər.

Maraqlıdır, “ikili agent” olan Krasikov Putin üçün niyə bu qədər əhəmiyyətli olub?

Bu sualın cavabı müəmmalı olaraq qalır. Putinin yaxın adamlarına sadiqliyi bilinən məsələdir, lakin Krasikovun ikili agent olması amili onun alınmasında məqsədin “dostunu xilas” etməkdən fərqli olduğu versiyasını önə çıxarır. İstisna deyil ki, Putin Krasikovu təhvil almaqla Rusiya daxilində ona qarşı Qərblə əməkdaşlıq edən şəbəkəni ələ keçirməyi planlaşdırıb, “ikili agent” üçün Navalnıdan “vaz keçməsi” sıradan məsələ deyil. Əvəzində Qərb işlədiyi şəbəkənin ifşa olunmaması üçün Navalnıdan vaz keçib və qətlin məhz Münhen Təhlükəsizlik Konfransının başlandığı gün icra edilməsi ilə birdən çox hədəfə nail olublar.

Proseslərin analizi və “səbəb-nəticə” məntiqi diqqəti bu versiya üzərinə yönəldir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar