ABŞ gəmisi raketlə VURULDU
25.02.2024 19:00 Dünyadan reaksiya 149
Husi üsyançıları "Ənsar Allah" Ədən körfəzində ABŞ bayrağı altında üzən "Torm Thor" neft tankerinə bir neçə raket zərbəsi endirib.
Reaksiya.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yəmən Hərbi Dəniz Qüvvələrinin sözçüsü Yəhya Saria "Almasirah" telekanalının efirində bildirib.
"Yəmən Hərbi Dəniz Qüvvələri əməliyyat keçirib. Ədən körfəzində Amerikanın "Torm Thor" gəmisinə bir neçə raket zərbəsi endirib", - o deyib.
Onun sözlərinə görə, husilər həmçinin ABŞ-ın bir neçə hərbi gəmisinə pilotsuz təyyarələrlə hücum ediblər.
Digər tərəfdən ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, "USS Mason" idarəolunan raket esminesi şənbə günü Yəməndən Ədən körfəzinə atılan və tankeri hədəf aldığı ehtimal edilən bir gəmi əleyhinə ballistik raketi vurub.
Açıqlamada bildirilib ki, "Torm Thor" gəmisi zədələnməyib və xəsarət alan olmayıb.
Pentaqon daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Yəməndə bir gündə 7 husi raketini məhv etdiyini açıqlayıb.
Qeyd edək ki, yanvarın 12-nə keçən gecə Britaniya və ABŞ Yəmənin 4 vilayətində hədəflərə zərbələr endirib. Yanvarın 17-də “Ənsar Allah” hərəkatı Ədən körfəzində Amerikanın “Genco Picardy” gəmisinə hücum edib.
Şərhlər