Xocalı soyqırımı qurbanlarının xatirəsi Pakistanda anılıb

26.02.2024 18:15     Dünyadan reaksiya     121

Xocalı soyqırımı qurbanlarının xatirəsi Pakistanda anılıb.

Bu barədə Reaksiya.az-a Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib.

Azərbaycanın Pakistandakı səfirliyi Müslüm İnstitutu ilə birgə Pakistan Milli Kitabxanasında Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunan seminar təşkil edib.

Tədbirdə Pakistan Senatının Müdafiə Komitəsinin sədri senator Müşahid Hüseyin Seyid, İnsan Hüquqları komitəsinin sədri senator Valid İqbal, xarici ölkələrin səfirləri və diplomatları, Pakistanın müxtəlif beyin mərkəzlərinin və universitetlərinin rəhbər heyətləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Xocalı soyqırımı ilə bağlı geniş məlumatları özündə əks etdirən videoçarx nümayiş olunub.

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov tədbirdə çıxış edərək bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımının 32-ci ildönümünün anıldığını qeyd edib.

Azərbaycan xalqının erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinə məruz qaldığını bildirən səfir Xocalı soyqırımından söz açıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün beynəlxalq hüquq normalarını pozaraq keçmiş SSRİ-nin 366-cı motoatıcı alayı ilə birlikdə Xocalıya hücum edərək bu şəhəri yerlə-yeksan etdiyini vurğulayıb.

Dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlının vəhşicəsinə qətlə yetirildiyini, 487 nəfərin şikəst edildiyini, 1275 sakinin girov götürülərək amansız işgəncələrə məruz qaldığını, girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyinin bu günədək məlum olmadığını diqqətə çatdırıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar