Gürcüstanda Orta Dəhlizlə bağlı regional tədbir keçirilir
27.02.2024 13:45 Dünyadan reaksiya 132
Bu gün Gürcüstanın paytaxtı Tbilisidə Dünya Bankının bu yaxınlarda dərc etdiyi “Orta ticarət və nəqliyyat dəhlizi: Yüklərin üç dəfə artırılması və daşınma müddətini yarıya endirmək üçün siyasətlər və investisiyalar” adlı tədqiqata həsr olunmuş regional tədbir keçirilir.
Reaksiya.az xəbər verir ki, tədbirdə Gürcüstan, Azərbaycan, Qazaxıstan və Ermənistanın hökumət nümayəndələri, eləcə də dövlət müəssisələrinin, özəl sektor və beyin mərkəzlərinin təmsilçiləri iştirak edir, Dünya Bankının araşdırmalarının əsas nəticələri müzakirə edilir.
Məqsəd dəhlizin əməliyyat səmərəliliyinin artırılması və mövcud problemlərin aradan qaldırılması üçün regional yanaşmanı inkişaf etdirməkdir.
Tədbirdə Azərbaycanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin departament müdiri Xudayar Həsənli təmsil edir.
Tədbir çərçivəsində Dünya Bankının “Orta ticarət və nəqliyyat dəhlizi: 2030-cu ilə qədər yükdaşımaların həcminin üç dəfə artırılması və daşınma müddətini yarıya endirmək üçün siyasətlər və investisiyalar”la yanaşı, “Orta Dəhlizin rəqəmsallaşdırılması” tədqiqatının da təqdimatı baş tutacaq.
Dünya Bankının hesabatında Orta Dəhlizi vacib və etibarlı ticarət marşrutuna çevirə biləcək tədbirlər müəyyənləşdirilib. Bildirilib ki, Orta Dəhliz 2021-2030-cu illərdə daşınan yükləri üç dəfə artıra, eyni zamanda daşınma müddətini iki dəfə azalda bilər. İnvestisiyaların və siyasi müdaxilələrin diqqətlə, ciddi şəkildə uzlaşdırılması ilə Orta Dəhliz müəyyən dərəcədə transkontinental ticarət üçün iqtisadi və geosiyasi dayanıqlılığı təmin edə bilər. Dəhliz etibarlı marşrut kimi Mərkəzi Asiya və Cənubi Qafqazın ticarət və inkişaf potensialının açılmasına töhfə verərək, limanlara çıxış yolu ilə bu regionların Çinə, Avropaya və dünyaya inteqrasiyasına imkan yaradacaq.
Xatırladaq ki, Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.
2023-cü ildə Orta Dəhliz vasitəsi ilə 2 milyon 750 min ton yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 64 % çoxdur.
Şərhlər