Nikol “vaxt udur”: Makron heç nə edə bilməyəcək - Balasanyan
01.03.2024 13:15 Dünyadan reaksiya 180
KTMT nizamnaməsinin 11-ci maddəsində göstərilir ki, hər hansı dövlət təşkilatdan çıxmaq istəsə, 6 ay əvvəl xəbərdarlıq etməlidir. 6 aydan sonra ərizə geri götürülməsə, o zaman KTMT-ni tərk etmiş sayılır. Lakin nizamnamədə münasibətlərin dondurulması ilə bağlı bənd yoxdur: ya təşkilatın üzvüdür, ya da deyil.
Reaksiya.az xəbər verir ki, bunu İrəvan Dövlət Universitetinin beynəlxalq münasibətlər və diplomatiya kafedrasının müdiri Qriqor Balasanyan deyib.
“Belə görünür ki, Paşinyanın Mur və Şoltsla görüşündən sonra Ermənistanın KTMT-dən çıxması tələbi irəli sürülüb. Lakin Ermənistan rəhbərliyi onun fəlakətli nəticələrini tam anlayaraq, Qərbin kefini pozmamaq , ruslarla və KTMT ilə münasibətləri korlamamaq üçün aralıq bəyanatlar verir. Paşinyanın KTMT üzvlüyünün dondurulması ilə bağlı bəyanatı vaxt udmaq üçün atılan addımdır. Ancaq Ermənistana nə qədər vaxt ayrılacağı məlum deyil. İrəvan davamlı olaraq bu şəkildə iki geosiyasi mərkəz arasında manevr etməyə çalışırsa, bir gün onun qarşısında bu və ya digər şəkildə tələb irəli sürüləcəyini açıq şəkildə anlamalıdır. Odur ki, “B” planı varsa, vaxt qazanmaq olar, plan yoxdursa, vaxt qazanmaq heç nə verməyəcək, əksinə, iki geosiyasi mərkəz arasında münasibətləri daha da gərginləşdirəcək. Hazırda Ermənistanın Rusiyadan başqa heç bir dövlətlə müttəfiqlik münasibətləri yoxdur. Tərəfdaşlıq, bir-birinə gülümsəmək, avropalıları ermənicə salamlamaq onların Ermənistanın müttəfiqi olması demək deyil. Ən yüksək kooperativ statusa malik olan və iki ildir NATO-dan silah-sursatla təmin olunan Ukrayna belə NATO-nun onun müttəfiqi olduğunu iddia etmir. İrəvan müttəfiqi ilə münasibətləri kəsir, əksinə, Qərbdən heç bir status belə almır. Ona görə də heç nə almadan potensial düşmənlərimizə siqnal verirlər ki, Ermənistan artıq müdafiəsiz deyil, nə istəsələr, edə bilərlər. Bu təhlükəlidir. Yaxşı olardı ki, bu haqda fikirləşsinlər və münasibətləri Fransanın müdafiə naziri ilə salamlaşma desibelləri və ya Makronun ermənipərəst bəyanatları ilə ölçməsinlər, çünki bu, Ermənistana heç nə verməyəcək”.
Şərhlər