ABŞ batır: Nyu-York yer üzündən silinə bilər

03.03.2024 11:00     Dünyadan reaksiya     162

“Virginia Tech” şirkətindən olan amerikalı alimlər ABŞ-nin şərq sahillərindəki böyük şəhərlərin sürətlə suyun altına daldığını aşkar ediblər.

Peyk görüntülərinin təhlili göstərib ki, 2007-ci ildən 2020-ci ilə qədər Nyu-York, Baltimor, Norfolk və digər böyük şəhər mərkəzlərinin altındakı torpaqlar hər il orta hesabla iki millimetrə qədər batıb.

Delaver, Merilend, Cənubi Karolina və Corciya ştatlarının bəzi rayonlarında isə proses bu rəqəmdən üç dəfə sürətli olub.

Araşdırmaya görə, avtomobil yolları, dəmiryolları, hava limanları, bəndlər və digər infrastruktur da daxil olmaqla, ən az 867 min obyekt daşqın riski altındadır.

ABŞ-nin ən sürətlə batan şəhərlərindən biri, şəhər mərkəzinin dəniz səviyyəsindən cəmi üç metr hündürlükdə olduğu Cənubi Karolina ştatının Çarlston şəhəridir. O, ildə təxminən dörd millimetr suya batır.

Alimlərin fikrincə, Nyu-York kimi yerlərdə üzərində yerləşən binaların böyük çəkisi torpağın çökməsinə səbəb olur. Tədqiqatın müəllifləri ümid edirlər ki, onların kəşfi səlahiyyətliləri sahil xəttini möhkəmləndirmək üçün tədbirlər görməyə vadar edəcək.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar