Con Varoli: “Azərbaycan ABŞ üçün çox vacib ölkədir”
04.03.2024 19:45 Dünyadan reaksiya 112
“Birləşmiş Ştatlar dünya dövlətlərinin, ilk növbədə Qlobal Cənub, yəni Yaxın Şərq, Asiya və Cənubi Amerika ölkələrinin əhalisinin qəlbi və ağlı uğrunda mübarizədə Çin və Rusiyaya uduzmasından narahatdır. Həmin insanlar indi Çin və Rusiyaya ABŞ və ümumilikdə Qərbdən daha müsbət münasibət göstərirlər. Burada bir çox cəhətdən Vaşinqtonun Qəzza zolağındakı vəziyyətlə bağlı mövqeyi və ABŞ-nin islam dünyası ölkələri ilə çoxsaylı müharibələri rol oynayıb. Hazırda planetin böyük bir hissəsində Birləşmiş Ştatlar bir nəsil üçün avtoritet olmaqdan çıxır. Bu, artıq faktdır”.
Bu sözləri Oxu.Az-a açıqlamasında ABŞ-li siyasi şərhçi Con Varoli deyib.
“Azərbaycan ABŞ üçün çox vacib ölkədir. Çünki Azərbaycan ABŞ-nin əsas rəqiblərindən olan İran və Rusiya ilə həmsərhəddir. Vaşinqtonun arabir Bakıya qarşı sərt münasibət göstərməsi isə ABŞ-nin danışıq aparmaq taktikasıdır. Bir qədər sonra fayda əldə etmək üçün təzyiq tətbiq edilir”, - deyə siyasi şərhçi bildirib.
Varolinin sözlərinə görə, “köhnə qitə”də NATO-ya paralel struktur olacaq hansısa Avropa ordusunun yaradılması ideyası çoxdan müzakirə olunur:
“Ancaq bütün bunlar elə də ciddi deyil. NATO getdikcə daha da güclənən güclü struktur olaraq qalır. Avropalılar, ümumiyyətlə, nəsə haqqında danışmağı, real hərəkətə keçmədən spekulyasiya etməyi xoşlayırlar. Amma bütün bunlar mənasızdır”.
Donald Trampın prezident olmaq ehtimalına gəlincə, siyasi şərhçi deyir ki, ABŞ elitası onu ikinci dəfə Ağ Evə buraxmaq istəmir, heç Co Baydenin özünü də:
“ABŞ-nin məqsədi dünyaya hökmranlıq etməkdir. Bu, normaldır və burada heç bir qəsd nəzəriyyəsi yoxdur. Əgər ABŞ hökmranlığı olmasa, onun yerini Çin hökmranlığı tutacaq. Təbii mübarizə gedir, mən buna heç təəccüblənmirəm də və bu mübarizədə NATO mühüm vasitədir”.
Şərhlər