Bu vəziyyət Bakıya ciddi problem yaradacaq - Fyodorov
05.03.2024 14:30 Dünyadan reaksiya 112
Artıq Ermənistanda Rusiyanın iştirakı ilə təhlükəsizlik sistemindən imtina ilə bağlı siyasi qərar qəbul edilib. Bunun həll yolu isə indi ardıcıl olaraq həyata keçirilir.
Reaksiya.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin keçmiş müavini (1990-1991), politoloq Andrey Fyodorov deyib.
“Ermənistan tezliklə yeni milli müdafiə və təhlükəsizlik konsepsiyasını qəbul edəcək. Gələn ildən Ermənistan tamamilə Qərb dövlətlərinin təchiz etdiyi silahlara keçəcək. Yaxın vaxtlarda İrəvan Rusiya sərhədçilərini Ermənistan ərazisindən çıxaracaq. Bir ay və ya ay yarımdan sonra Rusiya hərbi bazasının Gümrüdən çıxarılmasının mövqeyi və mümkünlüyü açıqlana bilər. Bu gün gördüyümüz Qərbin Cənubi Qafqaza təsir etmək, Rusiyanı sıxışdırmaq, Cənubi Qafqazda yeni geosiyasi tarazlıq yaratmaq istəyidir. Ermənistanın müdafiə təhlükəsizliyi konsepsiyasını dəyişməsi təkcə Rusiya üçün deyil, ilk növbədə Azərbaycanın probleminə çevriləcək. İrəvan Bakını çətin vəziyyətə salmaq istəyir. Ermənistanla Qərb arasında müdafiə sahəsində əməkdaşlığın sürətləndiyi bir şəraitdə Azərbaycan gələcəkdə həqiqətən çətin anlar yaşayacaq, bu vəziyyət Bakı üçün bir sıra problemlər yaradacaq”, - o bildirib.
Fyodorovun fikrincə, Ermənistanın qəbul etdiyi açıq-aşkar qərbyönlü vektor fonunda Rusiyanın İrəvanı sülh müqaviləsi bağlamağa məcbur etmək imkanları sıfra yaxınlaşır:
“Zelenskinin Ermənistana planlaşdırılan səfəri baş tutsa, bununla bağlı danışıqlar hələ də davam edirsə, bundan sonra Rusiya-Azərbaycan-Ermənistan formatında görüşlər barədə danışmaq çətin olacaq. Ermənistan belə bir səfərdə maraqlıdır. Cənubi Qafqazda vəziyyət daha bir dalana dirənib. Moskva üçün hazırda baş verənlər strateji əhəmiyyətli məsələdir, çünki bu, regionda qüvvələr balansının dəyişməsini nəzərdə tutur. Rusiya ilə Azərbaycan arasında münasibətlər bu gün sabitdir. Bu gün Moskva ilə Bakının münasibətlərində heç bir problem yoxdur. Ümumi bir anlayış var ki, Cənubi Qafqazın iqtisadi infrastruktura ehtiyacı var, lakin onun təhlükəsizliyi təmin edilməlidir. Rusiya da, Azərbaycan da buna hazırdır. Amma Ermənistan yox. İrəvanın vektor dəyişikliyi ilə bağlı Rusiya və Azərbaycanın hansı addımlar atacağı, hansı imkanların olduğu hadisələr inkişaf etdikcə bilinəcək”.
Şərhlər