Ermənistanda iqtisadi sıçrayışın əsl səbəbi - Köçəryan
11.03.2024 12:30 Dünyadan reaksiya 118
Xəbər verdiyimiz kimi, Rusiya Ukrayna müharibəsi fonunda tətbiq edilən sanksiyalardan yayınmaq üçün Ermənistanı tranzit ölkə kimi istifadə edir. Bu tendensiya Ermənistanda iqtisadi göstəricilərin süni şəkildə şişməsinə, artmasına səbəb olub.
Reaksiya.az xəbər verir ki, məsələ ilə bağlı Ermənistanın “168.am” saytında Akop Köçəryanın “Bu fantastikdir, dünyanın heç bir iqtisadiyyatında belə bir şey tapa bilməzsiniz” adlı məqaləsi dərc olunub.
Yazıda iqtisadi inkişafın təbii yolla olmadığı göstərilir, ziddiyətlərə diqqət çəkilir:
“Ermənistan iqtisadiyyatı inanılmaz “qələbə kampaniyasını” davam etdirir. İl yenidən güclü artımla başladı. Amma artan iqtisadiyyat deyil, yalnız göstəricilərdir. Göstəricilərin yeni zirvələrə çatmasına baxmayaraq, iqtisadiyyat hələ də passivdir və inkişaf yoxdur.
Cari ilin əvvəlində sənaye istehsalı 21 faiz artıb, elektrik enerjisi istehsalı isə azalıb. Bunu dünyanın heç bir iqtisadiyyatında tapa bilməzsiniz. Bu fantastikdir, çünki sənaye istehsalı 21 faiz arta və elektrik enerjisi istehsalı 6,4 faiz azala bilməz. Ötən ilin əvvəlində Ermənistanda elektrik enerjisi istehsalı 1,5 faiz azalıb. Keçənilki azalma ilə müqayisədə bu il daha çox azalma var, lakin sənaye istehsalının artım tempi dəfələrlə yüksək oldu. Bunun necə mümkün olduğunu başa düşmək çətin deyil. Əslində inkişaf edən sənaye deyil, əksinə, təkrar ixrac sxemləri təkmilləşdi. Əvvəllər mallar xaricdən gətirilir, reeksport (təkrar ixrac) edilirdisə, son aylarda idxal olunmağa, sənədlərlə erməniləşdirilməyə, sonra isə guya Ermənistanda istehsal olunduğu göstərilməklə yenidən ixrac edilməyə başlandı.
Bu, həm də Ermənistan hakimiyyətinin ötən ilin sonlarından tətbiq olunan sanksiyalardan yayınmasının bir yoludur. Kənardan prosesi müşahidə edənlər bunu yaxşı bilirlər, amma siyasi məqsədəuyğunluq baxımından prosesi görməzdən gəlirlər. İnsanları heyrətləndirmək, bildiyimiz iqtisadi artımı göstərmək, görünməmiş uğur və nailiyyətlər təəssüratı yaratmaq üçün buna imkan verirlər. Bəzi sənaye sahələrində istehsal həcminin birdən-birə on dəfə artmasının necə baş verdiyini heç kim demir. Aydındır ki, bu, iqtisadiyyatın hesabına baş vermədi. Son zamanlar təkcə xarici ticarətimizin deyil, sənayenin də yüksək artımının səbəbi təkrar ixracdır”.
Yazıda eyni zamanda bu süni artımda Rusiyanın rolundan bəhs olunub:
“Belə tədbirlərlə yaxın gələcəkdə iqtisadiyyatın, xüsusən də sənayenin daha böyük və fantastik artım nümayiş etdirməsi mümkündür. Amma iqtisadiyyat əvvəlki kimi acınacaqlı vəziyyətdə qalmağa davam edəcək.
Əvvəlki iki ildə baş verən və bu ilin əvvəlində müşahidə etdiyimiz artım ilk növbədə Rusiya faktoru ilə bağlıdır. Bir tərəfdən başqa ölkələrdən mallar ölkəmizə gətirilərək Rusiya bazarına çıxarılır, digər tərəfdən bizim vasitəmizlə rus malları başqa ölkələrin bazarlarına çıxır. Bu, Rusiyanın maraqlarından irəli gəlir. Bundan həm Ermənistan hakimiyyəti, həm də onların himayədarları faydalanır. Məhz bu maraq Rusiyanı hakimiyyətimiz tərəfindən göstərilən siyasi vəhşiliklərə qarşı yumşaldır. Əks halda, indi çox böyük bədəl ödəmək məcburiyyətində qalacaqdıq.
Amma bu, müvəqqəti üstünlükdür, hazırda hakimiyyət bundan maksimum fayda əldə etməyə çalışır. Sonra nə baş verəcəyinə gəlincə, Ermənistanın sanksiyalardan yayınma rolu əhəmiyyətini itirəndə bunu təsəvvür etmək çətin görünmür. Ermənistanda qeydə alınan dünənki və bugünkü iqtisadi artım ilk növbədə Rusiyaya qarşı tətbiq edilən sanksiyaların nəticəsidir. Keçmişdə bu, insan və maliyyə kapitalının hərəkətində, xarici ticarət xidmətlərində öz əksini tapırdı. Son zamanlar isə idxal mallarının erməniləşdirilməsində və sənaye artımında ifadə olunur.
Rusiya qızılı, almazları Ermənistana idxal edilir, burada emal olunmuş kimi təqdim edilir və sonra BƏƏ-yə, Honq Konqa ixrac edilir. Sonra onlar (hakimiyyət) BƏƏ-nin Ermənistanın ikinci ən böyük ticarət tərəfdaşına çevrildiyi ilə fəxr edir. Reallıq isə tamam başqadır”.
Müəllif Qarabağdan köçün də ölkə iqtisadiyyatına müsbət təsir göstərdiyini, bunun əlavə tələbat yaratdığını qeyd edib. O, daxili ticarətdə 19, xidmətlər sektorunda isə 4,4 faizlik artımı bununla əlaqələndirib.
Şərhlər