Paşinyan Rusiya sərhədçilərinin “Zvartnots” aeroportundan çıxarılması məsələsindən danışıb

12.03.2024 15:15     Dünyadan reaksiya     128

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında Rusiya sərhədçilərinin “Zvartnots” hava limanından çıxarılması məsələsinə toxunub.

Reaksiya.az xəbər verir ki, Paşinyanın sözlərinə görə, Ermənistan Sərhəd Xidməti böyük təcrübə toplayıb və paytaxt İrəvanın “Zvartnots” hava limanında müstəqil şəkildə nəzarəti həyata keçirə bilir.

“Ermənistan Təhlükəsizlik Şurası katibi Armen Qriqoryan bu məsələni necə səsləndirib bilmirəm, lakin bizim müvafiq qurumlarımız Rusiyaya rəsmi məktub göndərərək, dəstək olduqlarına görə onlara minnətdarlıqlarını bildiriblər”, - Paşinyan qeyd edib.

Xatırladaq ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan 6 mart tarixində jurnalistlərə açıqlama verərək bildirib ki, Ermənistan tərəfi “Zvartnots” hava limanından Rusiya hərbçilərinin çıxarılması ilə bağlı Moskvaya rəsmi müraciət ünvanlayıb.

Qriqoryanın sözlərinə görə, “Zvarnots” hava limanında rus sərhədçilərin ermənistanlı hərbçilərlə əvəz edilməsi üçün bütün imkanlar var və hakimiyyətin mövqeyi ondan ibarətdir ki, hava limanında Ermənistan Sərhəd Xidməti fəaliyyət göstərməlidir.

Onun ardınca isə, Kremlin mətbuat katibi Dmitri Peskov deyib ki, “Zvartnots”da rus sərhədçiləri ilə bağlı Ermənistanın qərarı rəsmi şəkildə çatdırılmayıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar