“Çin nüvə arsenalını artırır və 2027-ci ildə Tayvanı ələ keçirməyə hazırlaşır”
21.03.2024 15:45 Dünyadan reaksiya 161
Çin hərbi və nüvə arsenalını İkinci Dünya müharibəsindən bəri misli görünməmiş miqyasda genişləndirir və 2027-ci ildə Tayvanı işğal etməyə hazır olacaq.
Bu barədə “Bloomberg” nəşri ABŞ-nin Hind-Sakit Okean Komandanlığının rəhbəri, admiral Con Akvilinoya istinadən yazıb.
Nəşrin məlumatına görə, Pekinin iqtisadi problemlərinə baxmayaraq, onun rəsmi müdafiə büdcəsi son illərdə 16% artaraq 223 milyard dolları ötüb.
Öz növbəsində, Akvilino bildirib ki, komandanlığa rəhbərlik etdiyi üç il ərzində Çin ordusu 400-dən çox qırıcı, 20 nəhəng döyüş gəmisi alıb, həmçinin ballistik və qanadlı raketlərin ehtiyatını yeniləyib.
“Hər şey onu göstərir ki, ordu ölkənin lideri Si Cinpinin göstərişinə əməl edir. Göstəriş isə budur ki, müvafiq əmr veriləcəyi təqdirdə 2027-ci ilə qədər Tayvanı işğal etməyə hazır olmaq lazımdır”, - deyə Con Akvilino qeyd edib.
O, əlavə edib ki, Çin hərbçiləri təlimlər zamanı adanın dəniz və havadan blokadası ilə bağlı məşqlər edirlər.
Eyni zamanda, ABŞ kəşfiyyatının hesablamalarına görə, Çin Tayvan ətrafında hərbi münaqişənin olmasını istəmir.
Şərhlər