Tramp Luizianada keçirilən praymerizdə qalib olub

24.03.2024 11:45     Dünyadan reaksiya     67

ABŞ-nin keçmiş prezidenti Donald Tramp Luiziana ştatında keçirilən praymerizdə qalib gəlib.

Bu barədə "Associated Press" məlumat yayıb.

Agentlik qeyd edib ki, Trampın Respublikaçılar Partiyasında rəqibi olmamasına baxmayaraq, ABŞ-də praymerizin nəticələri hələ də diqqətlə izlənilir. Sabiq prezidentin əsas rəqibləri - BMT-dəki keçmiş daimi nümayəndə Nikki Heyli, Floridanın qubernatoru Ron Desantis və iş adamı Vivek Ramasvami daha əvvəl seçki yarışından çəkildiklərini bəyan ediblər.

Trampın kampaniyası “Truth Social”da onun Luizianadakı qələbəsini təsdiqləyən paylaşım edib.

Tramp artıq Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olmaq üçün lazımi sayda nümayəndə səsini toplayıb. Namizədliyini ikinci müddətə irəli sürən hazırkı dövlət başçısı Cozef Bayden Demokratlar Partiyasından kifayət qədər sayda nümayəndənin dəstəyini qazanıb. ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

Reaksiya.az

Şərhlər