ABŞ-nin Meksika ilə sərhədində yarım il ərzində bir milyona yaxın insan saxlanılıb

25.03.2024 11:00     Dünyadan reaksiya     126

ABŞ-nin cənub sərhədindəki vəziyyət milli təhlükəsizliyə təhdid yaradır, belə ki 2024-cü maliyyə ilinin əvvəlindən (ABŞ-də oktyabrda başlayır) sərhəddə miqrantların saxlanılması hallarının sayı artıq 1 milyona yaxınlaşır.

Reaksiya.az xəbər verir ki, bu barədə ABŞ Sərhəd Patrul Xidmətinin rəisi Ceyson Ouens “CBS News”a danışıb.

“Bu, milli təhlükəsizliyə təhdiddir. Sərhəd təhlükəsizliyi milli təhlükəsizliyin mühüm tərkib hissəsidir. Ölkəmizə kimin gəldiyini bilmiriksə, onların niyyətlərini də bilmirik. Bu, təhlükədir və onlar bizim zəifliyimizdən istifadə edirlər”, – rəis söyləyib.

Onun sözlərinə görə, təkcə son altı ayda Sərhəd Patrulu ABŞ-Meksika sərhədində 1 milyona yaxın miqrant yaxalaması qeydə alıb və bu rəqəm sentyabr ayınadək ikiqat arta bilər:

“Bu, çox böyük rəqəmdir, amma məni gecələr oyaq saxlayan qaçmağı bacaran 140 min nəfərdir. Bunlar sadəcə bildiyimiz hallardır”.

Ouens vurğulayıb ki, sərhəd pozuntusu hallarının artımı əsasən Meksika kartellərinin fəallığının artması ilə bağlıdır. O, miqrasiya siyasətini sərtləşdirməyə çağırıb:

“Mən həbsdən danışıram. Mən sizin ölkədən qovulmağınızdan, müəyyən edilmiş qanuni yollar əvəzinə qanunsuz yolu seçdiyiniz üçün geri qayıtmağınıza qadağa qoyulmasından danışıram”, – sərhəd xidmətinin rəisi izah edib.

Xatırladaq ki, 2022 və 2023-cü maliyyə illərində ABŞ Sərhəd Patrulu cənub sərhədini pozmuş 2 milyondan çox miqrantın yaxalandığını bildirib ki, bu da bütün zamanların ən yüksək göstəricisidir. 2023-cü ilin mayında ölkədə koronavirus pandemiyası ilə əlaqədar keçmiş prezident Donald Trampın dövründə tətbiq edilmiş 42-ci maddə adlanan deportasiya ilə bağlı xüsusi rejimin fəaliyyəti dayandırılıb. Həmin maddəyə ilə COVID-19-un yayılma təhlükəsi səbəbindən miqrantlara sığınacaq verilməsindən imtina edilə bilirdi. Hazırkı Prezident Cozef Baydenin administrasiyası sığınacaq almaq hüququ olmayanların deportasiyası kimi yeni tələblər irəli sürüb, lakin bu, miqrant axınını dayandırmayıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar