Qərb Paris Olimpiadası zamanı terror aktlarının baş verməsindən ehtiyat edir
25.03.2024 18:56 Dünyadan reaksiya 172
Qərb ölkələrinin rəsmiləri “Crocus City Hall”da baş verən hadisələrlə əlaqədar iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək Yay Olimpiya Oyunları zamanı terror hücumlarının baş verəcəyindən ehtiyat edirlər.
Reaksiya.az TASS-a istinadən xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti məlumat yayıb.
BMT-nin keçmiş rəsmisi, qeyri-hökumət Ekstremizmlə Mübarizə Layihəsinin (Counter Extremism Project) hazırkı müşaviri Edmund Fitton-Braun Paris Olimpiadasının terrorçular üçün əla hədəf olacağını söyləyib. Nəşrin məlumatına görə, bu fikri terror təhlükələri ilə məşğul olan digər amerikalı və avropalı ekspertlər də bölüşürlər.
NYT Qərb ölkələrindən birinin adının açıqlanmasını istəməyən kəşfiyyatçısının sözlərinə əsasən, yeni terror aktına səbəb ola biləcək əsas amilləri də göstərib: İŞİD-in Avropada “yatan” hücrələrinin mövcudluğu, Qəzza zolağında davam edən münaqişə və döyüşçülərə rusdilli vətəndaşlardan dəstək verilməsi.
Xatırladaq ki, fevralın 24-də Fransanın Baş naziri Qabriel Attal Yelisey sarayında “Crocus City Hall”da törədilən terror aktı ilə bağlı Milli Müdafiə Şurasının iclasından sonra ölkə hakimiyyətinin ölkədə terror təhlükəsi səviyyəsini ən yüksək səviyyəyə qaldırdığını açıqlayıb.
Şərhlər