İsveç XİN başçısı: NATO Ukraynadakı müharibəni dayandırmağa səy göstərmir

27.03.2024 15:48     Dünyadan reaksiya     106

NATO Ukraynadakı müharibəni dayandırmaq üçün kifayət qədər səy göstərmir.

Reaksiya.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsveçin xarici işlər naziri Tobias Billström deyib.

Onun sözlərinə görə, Qərb Rusiyanın davranışlarına nəzarət etmək üçün daha çox iş görməlidir: “Biz başa düşməliyik ki, Rusiya məsuliyyətsiz davranan, dünyanı nüvə təhdidləri ilə üz-üzə qoyan dövlətdir. Biz buna son qoymalıyıq”.

Nazir Ukraynadakı müharibənin hələ də başa çatmamasına görə bəzi Qərb dövlətlərini ittiham edib: “Heç də bütün ölkələr təcili tədbirlərin görülməsinin vacibliyini dərk etmirlər”.

T. Billström qeyd edib ki, Ukraynaya daha çox silah verilməsi sənaye potensialı yox, siyasi liderlik məsələsidir: “Bu, tamamilə siyasi iradədən asılıdır. ABŞ və Avropa Rusiyadan qat-qat artıq silah istehsalı gücünə malikdir”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirib ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. ABŞ hələ ki Ukraynaya yardımı dayandırıb. Bundan əvvəl xarici KİV-lər yazmışdı ki, ABŞ Ukraynadan hücumdan müdafiə strategiyasına keçməyi tələb edir. ABŞ dövlət katibi Antoni Blinken daha əvvəl Ukraynanın çətin vəziyyətdə olduğunu açıqlayıb. Türkiyənin xarici işlər naziri Hakan Fidan isə bildirib ki, Rusiya ilə Ukrayna arasında sülhün vaxtı çatıb. V.Zelenski daha əvvəl qeyd edib ki, atəşkəs həm Ukrayna, həm də Şərqi Avropa üçün ciddi təhlükə yaradacaq. NATO hərbi komitəsinin rəhbəri, admiral Rob Bauer bundan əvvəl Rusiya ilə müharibəyə hazır olduqlarını söyləyib. Kreml sözçüsü Dmitri Peskov daha əvvəl Rusiyanın de-fakto müharibə şəraitində olduğunu bildirib.

Reaksiya.az

 

Şərhlər