Cenevrədə Fransanın kolonializm siyasəti barədə məsələ qaldırıldı

27.03.2024 17:15     Dünyadan reaksiya     127

İsveçrənin Cenevrə şəhərində Qoşulmama Hərəkatı (QH) Parlament Şəbəkəsinin 3-cü konfransı keçirilib.

Reaksiya.az xəbər verir ki, Milli Məclisin və Parlament Şəbəkəsinin sədri Sahibə Qafarovanın sədrliyi ilə keçirilən tədbirdə üzv ölkələrin parlamentləri, beynəlxalq təşkilatları və qeyri-hökumət təşkilatları təmsil edən 53 nümayəndə heyəti iştirak edib.

Konfransda Bakı Təşəbbüs Qrupunun (BTQ) direktoru Abbas Abbasov və BTQ-nin İdarə Heyətinin üzvü, Avropa Parlamentinin sabiq deputatı, Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin Baş katibi Jan-Jakob Bisep də iştirak edib.

J.Bisep tədbirdə səsləndirdiyi bəyanatda təmsil etdiyi Bakı Təşəbbüs Qrupunun fəaliyyətindən söhbət açaraq, onun kolonializm altında yaşayan xalqlara dekolonizasiya prosesinə dəstək göstərdiyini vurğulayıb və xüsusda Azərbaycan tərəfinə minnətdarlığını ifadə edib.

J-J.Bicep xüsusilə Fransanın bu gün yürütdüyü kolonializm siyasətini qabardaraq, Fransa hökumətinin bu siyasəti nəticəsində müstəmləkə altında yaşayan xalqların ciddi iqlim problemləri ilə üzləşdiyini bildirib. O, Fransanı müstəmləkəçi ölkə kimi öz məsuliyyətini daşımağa, qanunsuzluqlara son qoyulmasını tələb edib.

Xatırladaq ki, BTQ Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılmışdır. BTQ-nin fəaliyyəti XXI əsrdə dünyada hələ də davam edən kolonializm və neokolonializmdən əziyyət çəkən xalqlara ədalətli mübarizələrində davamlı dəstək göstərməkdir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar