Patruşev: Qərb “Crocus City Hall”da törədilən terror aktının günahkarı kimi radikal islamçıları göstərməyə çalışır

03.04.2024 17:45     Dünyadan reaksiya     88

Qərb Moskva vilayətindəki “Crocus City Hall”da törədilən terror aktının günahkarı kimi radikal islamçıları göstərməyə çalışır.

Reaksiya.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının (TŞ) katibi Nikolay Patruşev deyib.

Onun sözlərinə görə, Qərb elə təəssürat yaratmağa çalışır ki, guya bu hadisəni İraq-Şam İslam Dövlətinin (İŞİD) Əfqanıstan qolu törədib: “Amma terror aktının izləri Ukrayna xüsusi xidmət orqanlarına aparır. Kiyev rejimi isə tamamilə ABŞ-nin nəzarətindədir”.

N.Patruşev, həmçinin qeyd edib ki, İŞİD və digər terror təşkilatlarını məhz ABŞ yaradıb.

“Bu dəhşətli cinayətin sifarişçilərini müəyyən etmək lazımdır”, - deyə TŞ katibi bildirib.

Xatırladaq ki, martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus City Hall” konsert zalında yerli “Piknik” rok qrupunun səhnəyə çıxışı ərəfəsində terror aktı törədilib. Atəş açaraq binaya daxil olan silahlı şəxslər məkanı yandırdıqdan sonra hadisə yerindən qaçıblar.

Son məlumata görə, həmin terror aktı nəticəsində azı 144 nəfər həlak olub, 551 nəfər isə yaralanıb. Eyni zamanda, 95 nəfər itkin düşmüş və ya "hesaba qatılmamış" sayılır.

Reaksiya.az

Şərhlər