“Şimali Koreya Rusiyaya minlərlə əsgər göndərir, Qərb isə...” - İLGİNC AÇIQLAMA

18.10.2024 15:49     Dünyadan reaksiya     250

“Cənubi Koreya kəşfiyyatı şimaldakı rejimin Rusiyaya hərbi kontingent göndərdiyi barədə xəbərləri təsdiqləyib. Ukraynaya qarşı müharibədə iştirak etmək üçün Şimali Koreyanın 12 min əsgər göndərməyə qərar verdiyi bildirilir. Artıq onların bir qismi (1500 əsgər) Rusiyadadır və hazırlıq keçirlər”.

Musavat.com xəbər verir ki, bu fikirləri politoloq Şahin Cəfərli bildirib.

Politoloqun fikrincə, Qərb iflic vəziyyətindədir:

“Hər kəs ABŞ seçkilərinin nəticələrinə kökləndiyi üçün ciddi qərarlar qəbul edilmir. Baydenin Ukrayna müharibəsi ilə bağlı bədnam “yardım etmək, amma eskalasiyanı yüksəltməmək” strategiyası iflasa uğrayıb. Qarşı tərəf başqa dövləti birbaşa müharibəyə cəlb etməklə artıq çox ciddi eskalasiyaya gedib və bunun cavabı olmalıdır. Ukraynanın Şimali Koreyadakı vəhşi rejimlə, eləcə də Rusiyaya hərbi dəstək verən digər dövlət - İranla hansısa ciddi problemləri yox idi. Bunlar Ukraynanın yox, ABŞ-nin düşmənləridir və müharibəni Rusiya-ABŞ (Qərb) müharibəsi kimi qəbul etdikləri üçün Moskvaya kömək göstərirlər. ABŞ isə qulağının üstünə yataraq bu müharibəni kənar müşahidəçi qismində şərh etməyə davam edir”.

Şahin Cəfərli hesab edir ki, Ukraynaya lazımi dəstək verilməsə, Qərb dünya siyasətindən çəkilməlidir:

“Əgər Ukraynaya bundan sonra da yetərli dəstək verilməsə, 2022-ci ilin yanvarında Cenevrədəki Rusiya-ABŞ görüşündən əvvəl Rusiya xarici işlər nazirinin müavini Ryabkovun dediyi kimi, gərək Qərb şələ-şüləsini yığışdırıb, dünya siyasətindən çəkilsin. Başqa bir tərəfdən, Rusiyanın əvvəlcə döyüş sursatı, sonra isə canlı qüvvə dəstəyi üçün Şimali Koreyaya müraciət etməsi onun resurslarının tükənməzliyi barədə rəy və təsəvvürlərin nağıl olmasının sübutudur. Ukraynaya hərbi dəstəyin keyfiyyəti və kəmiyyəti yüksəldilərsə, bu, düşməni geri oturtmaq üçün tamamilə mümkün vəzifədir”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar