Tramp Ərdoğanın tarixi zəfərinə dəstək verdi: Türkiyə qlobal düşmənləri üçün əlçatmaz mərhələyə keçir
12.05.2025 18:51 Dünyadan reaksiya 117

Türkiyənin milli təhlükəsizlik maraqlarını təhdid edən ən qəliz problemin həlli yaxınlaşır, rəsmi Ankara PKK-nın təkrsilah prosesini diqqətlə izləyəcəyini artıq birmənalı şəkildə bəyanlayıb... Əgər, bu proses hərbi-siyasi manipulyasiyalarla müşayiət olunarsa, onda, Türkiyə qətiyyətli və radikal qərarlar da verə bilər, rəsmi Ankara ölkənin inkişaf perspektivlərinə əsas əngəli dərhal ləğv etmək niyyətindədir...
Türkiyənin müasir tarixində yeni mərhələ başlanmaq üzrədir. Belə ki, rəsmi Ankara Türkiyənin ən böyük və qəliz təhlükəsizlik problemlərindən birini birdəfəlik aradan qaldırmağa çox yaxındır. Türkiyə ötən əsrin 80-cı illərindən başlayaraq, terror dalğası ilə mübarizə aparmaqdaydı. Bu mübarizədə onminlərlə Türkiyə vətəndaşı həyatını itirib. Və rəsmi Ankara terrorizmlə mübarizəyə indiyə qədər yüzmilyard dollardan çox maliyyə vəsaiti xərcləyib.
Onu da qeyd etmək lazımdır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan terrorizm üzərində həlledici qələbənin əsas memarlarından sayılır. Prezident Rəcəb Tayyib Ərdoğan hakimiyyətə gələrkən, verdiyi əsas vədlərindən biri də məhz terrorsuz Türkiyə ilə bağlıydı. Türkiyə lideri zaman içərisində bu problemin böyük ölçüdə həllinə nail olmağı bacarmışdı. Belə ki, PKK terror təşkilatının fəaliyyəti Türkiyə ərazisindən kənara çıxarılmışdı. Və PKK terrorçuların ölkə sərhədləri daxilində mövcud olan bütün düşərgələri darmadağın edilmişdi.
Nəticədə PKK terror təşkilatı öz cinayətkar fəaliyyətini Türkiyənin sərhədləri ətrafında davam etdirmək məcburiyyətində qalmışdı. Son vaxtlara qədər bu silahlı terror təşkilatının düşəgələri Türkiyə ilə sərhəd qonşusu olan İraq və Suriya ərazisində yerləşir. Ancaq Türkiyə ordusu bu iki ölkənin ərazisində də PKK terror təşkilatına sarsıdıcı zərbələr endirməkdə davam edirdi. Hətta son vaxtlar PKK terror təşkilatı üçün çəmbər tamamilə daralmışdı. Və bu terrorçu qurumun rəhbərliyinə daxil olan şəxslər bir-birinin ardınca zərərsizləşdirilməkdəydi.
Təbii ki, PKK terror təşkilatının təxminən 40 ildən çox bir müddət ərzində öz mövcudluğunu qoruya bilməsi ABŞ başda olmaqla, bəzi dövlətlərin verdiyi dəstəklə bağlıydı. Belə ki, PKK-ya müxtəlif vaxtlarda Rusiya, Fransa, Almaniya, ABŞ və s. Avropa dövlətləri genişmiqyaslı dəstək veriblər. Əsas məqsədsə, Türkiyənin inkişaf potensialının bloklyaraq, zəiflətməkdən ibarət olub. Və Bayden administrasiyası dönəmində PKK ABŞ-ın Yaxın Şərqdə əsas strateji tərəfdaşları sırasında yer alırdı.
Məsələ ondadır ki, ABŞ PKK-ya silah-sursat, hərbi texnika və ərzaq ötürürdü. Eyni zamanda, amerikalı hərbçilər PKK terrorçularına təlimlər keçərək, Türkiyə ilə silahlı toqquşmalara hazırlaşdırırdılar. Halbuki, Türkiyənin NATO üzrə hərbi müttəfiqi olan ABŞ-ın bu davranışları tərəfdaşlıq prinsipi ilə ziddiyyət təşkil edirdi. Ona görə də, Ağ Evin PKK-ya verdiyi dəstək Türkiyə-ABŞ münasibətlərində gərginliyin əsas səbəbləri sırasında yer alırdı. Və Bayden administrasiyası PKK-nın toxunulmazlığını təmin etmək üçün bu silahlı terror qruplaşmasının olduğu bölgələrdəki ABŞ hərbi bazalarının gücləndirilməsinə də xüsusi diqqət yetirirdi.
Ancaq ABŞ-da Tramp administrasiyasının hakimiyyətə gəlişi ilə Ağ Evin PKK-ya yönəlik mövqeyi də ciddi şəkildə dəyişməyə başladı. Belə ki, prezident Donald Tramp əvvəlcə Türkiyənin Suriyada Əsəd rejiminin sıradan çıxarılmasında göstərdiyi fəaliyyəti açıq mətnlə dəstəklədi. Ağ Ev sahibi bu məsələdə Türkiyənin hərbi təhlükəsizlik problemləri ilə bağlı narahatlığının haqlı olduğunu etiraf etdi. Ardıncasa, prezident Donald Tramp PKK-ya görə ABŞ-ın Suriyada əbədi hərbi bazalar saxlaya bilməyəcəyini bəyanladı. Və bununla da, ABŞ PKK-ya onilliklər boyu verdiyi dəstəyi geri çəkmiş oldu.
Maraqlıdır ki, belə vəziyyətdə PKK-nın mövcudluğu artıq ciddi suallar doğurmağa başladı. Çünki ABŞ və Qərbdən dəstəyi kəsilən bu terror təşkilatının unitar dövlət modelini qorumaqda israrlı olan Suriyada toxunulmazlığı mümkün ola bilməzdi. Yəni, həm Türkiyə, həm də müvəqqəti Suriya hökumətinin hərbi qüvvələri PKK-nın nəzarətində olan ərazilərin geri alınaraq, terrorçuların ya tərksilah, ya da məhv ediləcəyini gizlətmirdi. Və bu, o demək idi ki, PKK-nın tezliklə darmadağın edilməsi qaçılmaz xarakter daşıyır.
Ona görə də, PKK terror təşkilatının rəhbərliyi özünü buraxmaq və tərksilah olunmaq barədə tələb xarakterli çağırışları qəbul etmək məcburiyyətində qaldı. Artıq bu barədə qərarın qəbul olunduğu elan edilib. Yəni, PKK tərksilah olunmağa razılaşıb. Bu terror təşkilatının üzvlərinin, xüsusilə də, Türkiyəyə qarşı hərbi cinayətlər törətmiş təmsilçilərinin gələcək taleyinin necə olacağı hələlik məlum deyil. Və hazırda Yaxın Şərqin terror təşkilatlarından təmizlənməkdə olduğu bir şəraitdə onların mütləq əksəriyyətinin regionu tərk etməli olacaqları ehtimal edilir.
Təbii ki, bütün bunlar Türkiyənin növbəti hərbi və geopolitik qələbəsidir. Eyni zamanda, bu, həm də terrorsuz Türkiyə vəd edən prezident Rəcəb Tayyib Ərdoğanın da tarixi siyasi zəfəridir. Onun çevik hərbi-siyasi manevrləri həm Suriyada qəddar Əsəd rejiminin devrilməsini, həm də PKK terror təşkilatının sıradan çıxarılmasına münbit şərait yaratdı. Və Türkiyə liderinin ABŞ prezidenti Donald Tramp ilə qurduğu pozitiv və həssas münasibətlər isə rəsmi Ankaranın qarşına çıxa biləcək əngəllərin elə əvvəldən zərərsizləşdirilməsinə geniş imkanlar açdı.
Bütün bunları nəzərə aldıqda, Türkiyənin milli təhlükəsizlik maraqlarını təhdid edən ən qəliz problemin həlli çox yaxın görünür. Rəsmi Ankara PKK-nın təkrsilah olunma prosesini diqqətlə izləyəcəyini artıq birmənalı şəkildə bəyanlayıb. Bu, o deməkdir ki, əgər, tərksilah prosesi hərbi-siyasi manipulyasiyalarla müşayiət olunarsa, onda, Türkiyə qətiyyətli addımlar atmaq qərarı verə bilər. Çünki rəsmi Ankara Türkiyənin inkişaf perspektivləri qarşısındakı əsas əngəlin aradan qaldığılmasını gecikdirmək niyyətində deyil. Və bu baxımdan, Türkiyənin yeni inkişaf mərhələsinə keçməkdə israrlı olduğu qətiyyən şübhə doğurmur.
Elçin XALİDBƏYLİ,
Siyasi eskpert,
“Yeni Müsavat”
Şərhlər