BMT: Avropada qaçqınların qəbulu sistemi işləmir

27.08.2015 02:31     Dünyadan reaksiya     1841

Avropada qaçqınların qəbulunun təşkilində ciddi problemlər mövcuddur.

Reaksiya.az-ın verdiyi məlumata görə, bunu BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarı Antoniu Qutyerreş bəyan edib.

“Avropada qaçqınların qəbulu sistemi işləmir. Miqrant axınının qarşısını “divar”larla almaq mümkün deyil. Qapınızı bağlayacaqsınız, pəncərənizi açacaqlar, pəncərəni bağlayacaqsınız, tunel qazacaqlar. Müdafiəyə ehtiyacı olanlara Avropaya qanuni şəkildə daxil olmaq üçün imkanlar yaradılmalıdır”, deyə  A. Qutyerreş bildirib.

Onun sözlərinə görə, qeyri-qanuni miqrantlar və qaçqınların qəbulu üçün müvafiq mərkəzlər yaradılmalıdır: “Burada qaçqınlar qeydiyyatdan keçməli, onların müraciətlərinə diqqətliklə baxılmalıdır. Həmçinin qaçqınlara tibbi və humanitar yardım göstərilməli və yaşamaq üçün müvəqqəti sığınacaq yerləri verilməlidir”.

BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarı əlavə edib ki, Avropa ölkələri bu məsələ ilə bağlı Yunanıstan və İtaliya ilə yanaşı  həmrəylik nümayiş etdirməlidirlər. 

 

Şərhlər