"Tuğrul Turkeş siyasi arenada çıxılmaz vəziyyətə düşüb" - Hasan Oktay
27.08.2015 12:39 Dünyadan reaksiya 2862
Xəbər verildiyi kimi, bir neçə gündür ki, Türkiyənin siyasi kluarlarında MHP-nin bəzi siyasətçilərinin hakim partiya ilə anlaşdığı barədə söz-söhbətlər gəzir. Dünən ortalığa çıxan bir fakta görə MHP-nin əsas narazılar qanadından olan Azərbaycan əsilli keçmiş millət vəkili Sinan Oğan partiyadan çıxarılıb. MHP-nin qurucusu Alparslan Türkeşin oğlu Tuğrul Turkeş hakim partiya tərəfindən edilmiş əməkdaşlıq təflifinə müsbət cavab verib. Bir müddət Türkiyənin daxili işlər naziri vəzifəsində işləmiş Meral Akşener və Ahmet Kenan Tanrıkulu isə Davudoğlunun məktubuna "yox" deyib. Bütün bu olaylar MHP daxilində birmənalı qarşılanmayıb.
Məsələ ilə bağlı “Kafkassam”ın (Qafqaz strateji Araşdırmalar Mərkəzi) rəhbəri, MHP-li aktivist Hasan Oktay Reaksiya.az-a eksklüziv açıqlamasında belə bir təklifi hakim partiyanın itmiş nüfuzunu geri qaytarmaq məqsədilə etdiyi siyasi taktika kimi dəyərləndirib: “MHP Türk siyasi həyatında ən çox əziyyət çəkmiş, böyük imtihanlardan keçmiş bir bazadır. Dolayısıyla Toğrul Türkeşin bu prosesdə hansı mövqedən hərəkət etdiyi bizim üçün bəlli deyil. MHP - bir ideoloji hərəkatdır, şəxslərin fərdi ehtiras və qəzəbləri, xətaları ona təsir edə bilməz. AKP açılım prosesini yaxşı idarə edə bilmədiyi üçün Türkiyəni Suriya olmaq nöqtəsinə gətirdi, indi bu səhvini Tuğrul Türkeşi heyətinə qataraq kompensasiya etmək, Türkiyəni sürüklədiyi uçurumun kənarından geri qaytarmaq istəyir. Tuğrul Türkeşin şəxsindən çox soyadının təsirindən istifadə etmək istəyən MHP bu manevrlə PKK məsələsində böyük səhv etdiyini bir mənada etiraf edib, ona görə də bu səhvindən Türkeş soyadıyla qayıtmağa çalışır".
Siyasi fəal Tuğrul Türkeşin təklifi qəbul etməsinin arxasında mütləq bir şantaj olduğunu vurğulayıb: “Tuğrul Türkeş vasitəsilə MHP-yə edilən əməliyyat bəlkə də yaxın perspektivdə bir şok yaradacaq, amma onu da gözdən qaçırmamaq lazımdır ki, Tuğrul müvəqqəti hökumətə daxil olaraq atasının partiyasını deputat sayına görə HDP-dən geri qoyub. Bu davranışı ilə 2 aylıq müvəqqəti bir nazirlik, baş nazirin müavini Tuğrulun siyasi həyatını bitirib. Toğrul ağıllı adamdır, bu qısa müddətli gözlənilənlərə inanıb siyasi intihar etməyəcək qədər də siyasi təcrübəsi var. Belə bir hərəkət etmişdirsə, bunun arxasında mütləq bir şantaj dayanır”.
Hasan Oktay Tuğrul Türkeşin siyasi həyatının mətbuata yayılmış səs yazılarından sonra artıq bitmiş olduğunu da söyləyib: “Tuğrul bəy gündəlik həyatında zəif xüsusiyyətləri olan bir siyasətçidir. Bunu ergenokon araşdırması zamanı mətbuata sızan səs qeydlərində görmək mümkündür. Mətbuata sızan həmin faktlarla bağlı o zaman Tuğrulun MHP-də siyasi fəaliyyətini dayandırmasının lazım olduğunun deməyimizin nəzərə alınmamasının nəticəsində, bu gün Tuğrul Turkeş hazırda siyasi arenada çıxılmaz vəziyyətə düşüb. Bəzi qüvvələr bu vəziyyətdən istifadə edib Tuğrul Turkeşdən keçmişin əvəzini çıxmağa çalışırlar. Yəni, Tuğrul bəy gündəlik həyatındakı diqqətsizliyin əvəzini səs şantajı ilə dolayısıyla siyasi intiharla ödəmiş olur”.
Şərhlər