"Adnan Oktar ruhi xəstədir" - İlahiyyatçı alim - VİDEO

31.08.2015 18:00     Dünyadan reaksiya     2840

Son vaxtlar Azərbaycanda sosial şəbəkələrdə Harun Yəhyanın (Adnan Oktarın) davamçıları hesab edən gənclərin sayı daha da artıb. Onlar islamı düzgün oxuyub öyrənib, doğru şəkildə ibadət edən insanlarla müxtəlif polemikalara girir, mübahisəli mövzular açır və bu yolla onları münaqişəyə cəlb edirlər. Onlara getdikləri yolun islama uyğun olmadığını dedikdə, hər hansı bir irad bildirdikdə isə böhtan atmaqla ittiham edirlər.

Harun Yahya adıyla tanınan Adnan Oktar bir neçə il öncə Türkiyədə müəyyən nüfuz sahibinə çevrildi və gənclərə təsir etmə imkanları qazandı. Şübhəli gəlir mənbələrinə sahib olan bu şəxs, hətta televiziya da yarada bildi və əlindəki imkanlardan yararlanaraq öz təbliğatını qurdu. İslam təriqəti kimi özünü tanıdan Adnan Oktar əslində açıq-saçıq geyimli qızları ətrafına toplayan, eyş-işrət yönlü bəyanatlarla çıxış edərək, bəzi məqamlarda hətta Allaha daha yaxın olduğunu bəyan etməklə qalmaqallar yaratdı. Əksər mütəxəssislər hesab edir ki, özünü Harun Yahya kimi təqdim edən bu şəxs xarici kəşfiyyat orqanları ilə sıx bağlıdır və əsas məqsədi İslam dünyasında parçalanmanı dərinləşdirmək və gəncləri təsir dairəsinə salmaqdır. İsraillə bağlılığı olan müəyyən güclərin ona maddi dəstək durduğu bildirilir.

Adnan Oktarın erməniləri açıq aşkar müdafiə etməsi barədə mətbuatda dəfələrlə məlumatlar yayılıb. Onun Ermənistan Düşüncə Quruluşu RSC-nin Direktoru Riçard Qiraqosyanu qəbul edərkən ermənilər haqda səsləndirdiyi fikirlər və Azərbaycanı Ermənistan - Türkiyə sərhədin açılmamasında, Türkiyə - Ermənistan futbol matçında təxribat  yaratmaqda ittiham etməsi cəmiyyətdə birmənalı qarşılanmamışdı.

Buna baxmayaraq, onun Azərbaycanda apardığı təbliğatın qurbanı olan çoxlu gənclərimiz var. Həmin gənclər artıq oradan çıxa bilməzlər. Çünki ciddi nəzarət altındadırlar və fəaliyyətləri izlənilir, oradan çıxmaq onlara heç də ucuz başa gəlməyəcək. Onlar hədisləri inkar edirlər. Quranı ancaq Azərbaycan dilində oxuyurlar, namazı gündə bir dəfə və Azərbaycan dilində qılırlar. Aralarında həm qızlar və həm də oğlanlar çoxluq təşkil edir. Ayrı-ayrı evlərdə yığılıb bir-birlərindən maariflənir, şəbəkələr halında fəaliyyət göstərirlər. Aralarında dövlətin yuxarı dairələrinə qədər şəxslər var. Bu insanlar kimliklərini gizlədir, özlərini tam biruzə verməməyə çalışırlar.

İlahiyyatçı alim Aqil Ələsgər reaksiya.az-a açıqlamasında Adnan Oktarın (Harun Yəhyanın) Türkiyədə elm və din cameəsi tərəfindən qəbul olunmadığını bildirib: “Bizdən fərqli olaraq, türk elmi çevrəsi, o cümlədən dindar cameə onu yaxın buraxmadı. Adnan Oktarı nə dini camaat lideri, nə də din alimi kimi qəbul etdilər. Çünki onun cəmiyyətə “passport” kimi əlində tutduğu “Darvinizmə qarşı dini mübarizə” kitablarının tamamı plagiatdır. Özü də etiraf edib ki, bu kitabların əksəriyyəti yevangelistlərin ABŞ-da Darvin əleyhinə çap etdiyi kitabların tərcüməsidir”.

H.Yəhyanın 1999-cu ildə şantaj şəbəkəsi qurmaq suçundan həbs olunduqdan sonra buraxılmasını onun uzun müddət ruhi xəstəxanada yatması ilə ələqədar olduğunu deyən A. Ələsgər, onun missioner olduğunu əlavə edib: “H. Yəhyanı ruhi xəstə kimi qəbul edən dini camaat onu özünə yaxın qoymadı. Fəqət gücü yoxdurmu? Var. Onun bir missiyası var və bu missiyanı ona verənlər tərəfindən dəstəklənir. Baxın, ətrafındakı “kedicik”lərə? Düşünün, o əxlaqda olanlar Azərbaycanda belə çox ciddi şəkildə dəstəklənir. Bu şəxsin dini kimliyini çöpə atın getsin, çünki dinlə yaxından-uzaqdan əlaqəsi yoxdur. Biz gənclərimizi bu təhlükədən necə qorumağı düşünürük? Əsl problem budur. Öz əlimizlə gələcəyimizi oda atırıq”.

İlahiyyatçı alim Aqil Ələsgər A. Oktarın ermənipərəst olması məsələsinə daha çox diqqət etməli olduğumuzu vurğulayıb: “Başqa və daha önəmli bir məsələ də var. Bu adam bir ermənipərəstdir. Hər fürsətdə erməni təbliğatı aparır. Belə bir şəxsin əxlaqsızlıq və erməni təbliğatı yayan televiziyası Azərbaycanın peykindən yayımlanır. Yəni, Adnan Oktar kimi bir şarlatan artıq Azərbaycan dövlətinin ən strateji obyektinə belə “yol tapıb”. Bu fəaliyyətin qarşısı alınmalıdır”.

Şərhlər

Çox oxunanlar