Özbəkistan müstəqillik gününü qeyd etdi - 24 il - FOTOLAR
01.09.2015 17:12 Dünyadan reaksiya 3158
Bu gün Özbəkistanın müstəqillik günüdür. Orta Asiyada yerləşən türk dövləti müstəqilliyinin 24-cü ilini qeyd edir.
Özbəkistan qədim tarixə malik ölkələrdən hesab olunur. Ökənin ərazisi 448.900 km²-dir, onun 426.800 km²-i quru, 22.000 km²-i isə su sahəsidir. Paytaxtı Daşkənt, dövlət dili özbək dilidir. Əhalisinin sayı 32 milyondan artıqdır.
Özbək mədəniyyəti Şərqin ən parlaq və orjinal nümunələrindən biridir. Onun misilsiz musiqisi, rəsmləri, təsviri sənəti, özünəməxsus mətbəxi, geyim mədəniyyəti və memarlığı var. Özbəklər özlərinin klassik və könül oxşayan xalq mahnıları ilə məşhurdur. Bu musiqilər müxtəlif janr və mövzularla xarakterizə olunur. Özbək klassik musiqisi şaşməqam adlanır. Bu muğam 16–cı əsrin sonlarında Buxarada formalaşıb. Klassik və xalq musiqisi ilə yanaşı Özbəkistanda populyar musiqi də inkişaf etməkdədir.
Özbəklər özünəməxsus qonaqpərvərlikləri ilə seçilir. Burada qonaq qarşılamaq süfrənin zənginliyi və ailədəki çatışmazlıqlardan öndə durur. Nahar və ya şam yeməyinə dəvətdən imtina etmək düzgün sayılmır, qonaq üçünsə ən əsası dəqiqlikdir. Qonaq gedərkən suvenir və uşaqlar üçün şirniyyat aparmaq arzuolunandır. Hörmətli qonaqları ev sahibləri həyətdə qarşılayıb hal-əhval tutduqdan sonra evə dəvət edirlər. Süfrəyə ilk öncə şirniyyat, sonra isə ağır yeməklər verilir. Ümumiyyətlə, özbəklərdə çayiçmə xüsusi mərasim hesab olunur. Onu kişilər dəmləyib piyalələrdə süfrəyə verirlər. Əgər qonaq ev sahibinin sevimlisidirsə, onun piyaləsinə çay az süzülür. Bu, qonaqla ev sahibi arasındakı qarşılıqlı hörmətlə izah olunur. Belə ki çayını içən adam yenidən ona çay süzülməsini xahiş edir və beləliklə bu hal bir neçə dəfə təkrarlanır. Çağırılmamış qonaqlara isə çayı dolu piyalədə verirlər.
1924-cü ilin 27 oktyabrında SSRİ-nin tərkibinə daxil olan Özbəkistan 67 il sonra, 1991-ci ilin sentyabrın 1-də öz müstəqilini əldə edib.
Şərhlər