"İrana maraq böyükdür, çünki bu ölkə ..." - İqtisadçı ekspert
02.09.2015 11:43 Dünyadan reaksiya 2163
İran İslam Şura Məclisinin sədri Əli Laricani Nyu-Yorkda keçirdiyi görüşlər çərçivəsində İngiltərə lordlar palatasının sədri və Fransanın məclis sədrləri ilə görüşüb.
Görüşlər zamanı Ə. Laricani neft-qaz və neft-kimya sahələrində investisiyaların aparılmasının İran iqtisadiyyatının prioritetlərindən olduğunu qeyd edib. O, İranın bu sahədə böyük ehtiyatlara malik olduğunu vurğulayaraq, İranın qaz məsələsində Avropanın enerji təhlükəsizliyi üçün də uğurlu əməkdaş ola biləcəyini diqqətə çatdırıb.
İqtisadçı ekspert İlham Şaban bu olaya münasibət bildirib.
O, Reaksiya.az-a İrana qarşı sanksiyaların aradan qaldırılmasının növbəti mərhələsinin başlandığını deyib: “Yaxın 2 ay ərzindəki monitorinqlər rəsmi Tehranın öz öhdəliklərinə nə dərəcədə əməl etməsini göstərəcək. Ancaq İran bu zamanın bitməsini gözləməyib sonrakı mərhələ, yəni sanksiyalardan sonra qarşısında açılacaq imkanlardan maksimum bəhrələnməyi düşünür. Ona görə də həm Tehrana xarici nümayəndə heyətlərini dəvət edir, həm də hökumət nümayəndə heyətlərini xarici səfərlərə yola salır. Bunlarda məqsəd qarşılıqlı əlaqələrin qurulması və ya bərpa edilməsidir”.
İ. Şaban İrana olan böyük diqqəti onun malik olduğu təbii sərvətlərlə əlaqələndirib: “Hazırda daha çox İranın adı ilə bağlı neft və qaz sənayesindəki fəaliyyət hallandırılır, bu da başa düşüləndir, çünki bizim cənub qonşumuz karbohidrogen ehtiyatların zənginliyinə, hasilatına və ixracına görə dünyanın ad çıxarmış ölkələri sırasındadır. İrana maraq böyükdür, çünki bu ölkə uzun illər siyasi məsələlərə görə Qərb şirkətlərinin üzünə bağlı qalıb. Ona görə də İranın öz qapılarını müəyyən mənada açmasını, hətta Sovet dönəminin yenidənqurması ilə müqayisə edənlər də var. Ancaq mən hesab edirəm ki, bu eyforik bir şəkildə baş verməyəcək, addım-addım danışıqlar və tərəflərin qarşılıqlı maraqları nəzərə alınmaqla orta perspektivdə reallaşacaq”.
Şərhlər