MHP-dən şok qərar: - Türkeş soyadı yasaqlandı

03.09.2015 04:14     Dünyadan reaksiya     1961

Türkiyədə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının yasaqlamasına baxmayaraq yeni hökumətin vəzifə təklifini qəbul edən Yıldırım Tuğrul Türkeş barədə partiya qərar qəbul edib. ANS PRESS-in məlumatına görə, atası mərhum Alparslan Türkeşin irsinə xəyanət ediyi iddia olunaraq Y. Tuğrul Türkeşin adı çəkilərkən soyadının söylənməməsinə qərar verilib. Bu məqsədlə MHP-də 3 alternativ irəli sürülüb. Partiyadaşları Türkeşə; Tuğrul, Yıldırım Tuğrul və ya Tuğrul bəy deyə müraciət edəcəklər. 

Ötən həftə Türkiyədə seçkiyə qədər müvəqqəti hökumət qurulmasına qərar verildiyi zaman MHP sədri Dövlət Baxçalı yeni hökumət üçün partiyasından nazir vermyəcəyini açıqlamışdı. Buna baxmayaraq MHP-dən millət vəkili olan Yıldırım Tuğrul Türkeş baş nazir Əhməd Davudoğlunun yeni nazirlər kabinetinin üzvü olmaq təklifini qəbul etmişdi. Bundan sonra Türkeş Davudoğlu tərəfindən baş nazirin müavini vəzifəsinə təyin olunub. 

Yıldırım Tuğrul Türkeş MHP-nin qurucusu və sabiq sədri, Türkiyədə və dünyada Bozqurdların lideri (Başbuğ) hesab olunan mərhum Alparslan Türkeşin oğludur. Başda Dövlət Baxçalı olmaqla əksər bozqurdlar hesab edirlər ki, Davudoğlunun vəzifə təklifini qəbul edərək Y. T. Türkeş atasının irsinə xəyanət edib. 

İyunun 7-də keçirilən parlament seçkisindən sonra Əhməd Davudoğlu ilə Dövlət Baxçalı arasında 2 dəfə görüş baş tutsa da, MHP sədri hər dəfə koalisiya ortağı olmaq istəmədiyini bildirib.

Türkiyədə iyunun 7-də parlament seçkisi keçirilib. Parlamentə girməyə müvəffəq olan 4 siyasi partiyanın heç biri tək başına hökumət quracaq qədər millət vəkili əldə etməyib. 550 yerli Türkiyə Böyük Millət Məclisinə AKP 258, CHP 132, MHP və HDP isə hər biri 80 deputatla daxil olub.. Təkbaşına hökumət qurmaq üçün bir partiyanın 276 millət vəkilinə ehtiyacı olduğundan ölkədə koalisiya hökuməti qurulması barədə müzakirələr getsədə heç bir nəticə əldə oluna bilmədi. 

Bundan sonra prezident Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə noyabrın 1-də yenidən parlament seçkisi keçirilməsinə qərar verildi. Həmçinin Ərdoğan baş nazir Davudoğluna müvəqqəti hökumət qurmaq təlimatı verdi. 

Şərhlər

Çox oxunanlar