"Lütfən, uşaqları öldürməyin"
05.09.2015 17:54 Dünyadan reaksiya 3142
“Məktəbdə işimi dayandırmalı və yoxsullarla birlikdə işləməli, onların arasında yaşamalıydım. Bu əmr idi. Hara aid olduğumu bilirdim, amma ora necə varacağımı bilmirdim”.
Bugün müqəddəs Tereza ana-nın vəfatı günüdür.
Əsl adı Aqnes Qondja Boyadjiu olan Tereza Ana gənc ikən “Qardaşlar” adlı yerli təşkilata qoşulur. Katolik rahibin başçılığı ilə keçirilən mərasimlərdə iştirak edərkən missionerliyə maraq göstərməyə başlayır.
17 yaşı olanda Allah tərəfindən onun qarşısına müəyyən vəzifələrin qoyulduğunu iddia edən Aqnes İrlandiyanın “Loretto” adlı missioner təşkilatına qoşulduqdan sonra Tereza adını götürüb.
Hindistanda Müqəddəs Meri məktəbində dini dərslər keçən Tereza 1946-cı ildə həmin məktəbin direktoru vəzifəsinə keçir.
Bir müddət işlədikdən sonra vərəm xəstəliyinə tutulan Tereza Ana daha müəllimlik edə bilmir və istirahət eləməsi üçün Hindistanın başqa bir şəhərinə- Darjlinqə göndərilir. Orda xəstəliyi ilə mübarizə aparan Tereza Anaya Allahdan ikinci vəhy gəlir: “Məktəbdə işimi dayandırmalı və yoxsullarla birlikdə işləməli, onların arasında yaşamalıydım. Bu əmr idi. Hara aid olduğumu bilirdim, amma ora necə varacağımı bilmirdim”.
Tereza Ana, kasıb ailələrin uşaqlarına dərs deməklə yanaşı, eyni zamanda tibbin əsaslarını öyrənir və xəstələrin evlərinə gedərək onların müalicə olunmasına kömək edirdi. Tereza Ana və ətrafındakılar xəstəxanalarda müalicə oluna bilməyən və küçələrdə ölüm-dirim mübarizəsi aparan onlarla kişi, qadın, uşaqla qarşılaşırdılar. Onlar bir ev tutaraq, səfalət içində, ölüm ayağında olan insanlara kömək etməyə başlayırlar. 1950-ci ildə kilsənin dəstəyi ilə Kəlküttə Xeyriyyəçi Missionerlər Cəmiyyəti yaradılır.
1952-ci ildə Kəlküttə bələdiyyəsinin verdiyi ərazidə ilk Ölü Evi açılır. Tereza Ananın 12 nəfərlə birlikdə yaratdığı bu təşkilat, uzun illər ərzində, minlərlə könüllüsü ilə birlikdə dünyanın 450 nöqtəsində yoxsullara köməklik göstərən böyük bir hərəkata çevrilir.
Tereza Ana Kəlküttədən Nyu-Yorka qədər, hər yerdə, ölüm ayağında olanlar və atılmışlar üçün müalicə evləri açıb. İlk dəfə olaraq QİÇS qurbanları üçün xəstəxanalar yaradanlardan biri olub. 45 il ərzində dünya miqyasında yoxsullara, ölmək üzrə olanlara və atılmışlara kömək edib.
Tereza Ana 1979-cu ildə Nobel Sülh Mükafatına layiq görülür. O Nobel mükafatını təqdim edilməsi zamanı ənənəvi olaraq verilən ziyafətdən imtina etdi və altı yüz min dollarlıq fondun kəlküttəli yoxsullara bağışlanılmasını istədi. Bu pul yüzlərlə insanı bir il boyunca doyuzdurmağa bəs edəcəkdi.
Tereza Ana mükafatların ancaq ehtiyacı olanlara bir xeyiri olduğu zaman önəm daşıdığını deyərdi. 1980-ci ildən etibarən dünyanın hər yanında, narkotik istifadəçilərinə, fahişələr və işgəncəyə məruz qalmış qadınlara kömək üçün açılan xəstəxanaların, kimsəsiz uşaqlar üçün tikilən uşaq evlərinin və məktəblərin sayı artmağa başlayır.
Tereza Ana 1991-ci ildə ilk dəfə öz vətəni olan indiki Serbiyaya geri dönür və burada bir xəstəxana açır. O bu illər ərzində Hindistanda 168 xəstəxana açmağa müvəffəq olur.
3 fevral 1994-cü ildə ABŞ Senatı və Nümayəndələr məclisinin dəstəyi ilə təşkil olunan Beynəlxalq Dua Yeməyində Tereza Ananın abort haqda dediyi sözlər hamını təəccübləndirir: “Lütfən, uşaqları öldürməyin. Mən onu istəyirəm. Onları mənə verin”.
Tereza Ana Efiopiyadakı aclara, Çernobıldakı radiasiya və Ermənistandakı zəlzələ qurbanlarına kömək etmək üçün bu ölkələrdə olub. 1996-cı ilin dekabr ayında ona ABŞ-ın fəxri vətəndaşı verilir.
1997-ci ildə vəfat edən və son gününə qədər yaxşılıq, yoxsullara kömək etmək üçün fəaliyyət göstərən Tereza Ananın gördüyü işlər insanlıq üçün əsl nümunə idi.
O deyirdi: “Ancaq bir Tanrı var və O, hər kəsin Tanrısıdır. Tanrının qabağında hər kəs bərabərdir. Bir hindliyə daha yaxşı bir hindli, bir müsəlmana daha yaxşı bir müsəlman, bir katoliklə daya yaxşı bir katolik olmağa kömək göstərməliyik”.
Şərhlər