Roma Papası Kastro qardaşları ilə görüşdü - VİDEO

21.09.2015 11:06     Dünyadan reaksiya     1864

Kubaya səfər edən argentinalı Roma Papası Fransisk paytaxt Havananın İnqilab Meydanında etdiyi ayindən sonra ölkənin keçmiş lideri Fidel Kastro ilə indiki lideri Raul Kastro ilə bir araya gəlib.

Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı Vatikanın sözçüsü Federiko Lombardi yayıb.

Məlumata görə, ölkənin əfsanəvi lideri Kastronun evində gerçəkləşən, yarım saat sürən və bir çox mövzuda keçirilən görüşdə hər iki tərəf bir-birinə kitab hədiyyə edib.

Papa Fransisk 89 yaşlı Fidel Kastroya 2-si teologiya haqda olan 4 kitab verib. Kastro da Papaya Braziliyalı rahib Frei Bettonun ondan aldığı müsahibələrin toplandığı "Fidel və din" kitabını Papaya hədiyyə edib. Səmimi şəraitdə keçən görüşdə Kastronun uşaqları və nəvələri də iştirak edib.

Papa daha sonra İnqilab Sarayında Raul Kastro ilə qapalı görüş keçirib. Görüşdə Raul Kastro Papaya avarlardan düzəldilmiş və nəhəng bir çarmıxa çəkilmiş İsa heykəli hədiyyə edib.

Qeyd edək ki, Kubaya ilk olaraq 1998-ci ildə Roma Papası 2-ci İohan Pavel səfər etmişdi. Papa Fransiskin sələfi 16-cı Benedikt də 2012-ci ildə bu ölkəyə getmişdi.

ABŞ və Kuba arasındakı normallaşma prosesini başladan və tarixi müqaviləyə vasitəçilik edən Papa Fransisk Kubadan sonra sabah ABŞ-a gedəcək və paytaxt Vaşinqtonda görüşlərinə başlayacaq.

Şərhlər