Xarici nümayəndələr ölkələrindəki korrupsiyadan danışdı
13.06.2015 13:16 Dünyadan reaksiya 1788
Bu gün Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə əməkdaşlıq şəraitində Avropa Şurasının Genişləndirilmiş Hissəvi Sazişi (EPAS) tərəfindən təşkil olunan nazirlərin qeyri-rəsmi tədbir çərçivəsində “Böyük idman tədbirlərində sosial davamlılıq haqqında” dəyirmi masa keçirilib.
APA-nın məlumatına görə, Lüksemburqun idman naziri Romain Şneyder deyib ki, idman yarışlarında xərclər mühümdür, ancaq idman yarışları zamanı infrastrukturun inkişafı, könüllülük hərəkatının inkişafı mühümdür. O xatırladıb ki, Lüksemburq 2015-ci ilin ikinci yarısında Avropa İttifaqına sədrlik edəcək.
Ukraynanın idman naziri İqor Jdanov ölkəsində idmanın inkişafına investisiyalar cəlb olunmasını zəruri sayıb: “Biz idmanın inkişafı ilə bağlı sovet modelindən imtina etməyi qərara almışıq. Nazirlik idman sahəsində tənzimləyici rol oynayır, milli komandalar üçün təlimlər keçirilir. Ukrayna milli federasiyaların müstəqilliyini artırmağa çalışır. Biz təlimçi peşəsini mütləq təşviq etməliyik. Beynəlxalq idman yarışlarında iştirak etmək üçün inkişaf vacibdir. Burada dövlət tərəfindən verilən vəsaitlərin şəffaf istifadəsi mühümdür. Ukrayna böyük idman yarışlarının keçirilməsində maraqlıdır, “Avro-2012” ölkəmizdə keçirilib. Bu tədbir Ukrayna şəhərlərinin Avropada cəlbediciliyini artırıb, investisiyaların cəlbində mühüm rol oynayıb. Ancaq idman obyektlərinin tikilməsi zamanı korrupsiya halları mənfi hal kimi yadda qalıb. Korrupsiya bütövlükdə ölkənin imicinə mənfi təsir göstərir. Bu korrupsiya elementinə görə bəzi idman qurğuları yaxşı tikilməyib. Ölkəmizdəki vəziyyətə baxmayaraq, Ukrayna dünyanın 20 idman ölkəsi arasındadır”.
Portuqaliyanın gənclər və idman naziri Emidio Guerreiro idman yarışlarının turizmin inkişafında mühüm rol oynadığını vurğulayıb.
Yunanıstanın mədəniyyət, təhsil və din işləri üzrə nazir müavini Stavros Kontonis isə ölkəsində əvvəlki idman tədbirlərində sosial davamlılığa yetərincə diqqət yetirilmədiyini söyləyib: “Mən 2004-cü ildə Yunanıstanda keçirilən Olimpiya Oyunlarını nəzərdə tuturam. Bu Oyunlar zamanı idman obyektlərinin tikintisində böyük korrupsiya halları olub. Hazırkı maliyyə böhranının səbəblərindən biri idman obyektlərinin tikintisi zamanı baş vermiş korrupsiya və bütövlükdə Olimpiya Oyunlarına çəkilmiş xərclərlə bağlıdır. Yaşayış və qeyri-yaşayış sahələrinin tikintisi zamanı qaydalara əməl olunmayıb. Populyar olmayan idman növləri üçün obyektlərin tikintisi israfçılıq olub. Olimpiya Oyunları ilə bağlı ilkin büdcə 11,27 milyard dollar olub, sonra artırılaraq 20 milyard dolları keçib. Tikilən idman strukturları idmançılara və cəmiyyətə xidmət etməyib. Sonradan bu obyektlərin çoxundan digər məqsədlər üçün istifadə etmək mümkün olmayıb, saxlama xərcləri də böyükdür. Hazırda bu obyektlərdə böyük enerji sərf olunur, onların təhlükəsizliyinin qorunması da əlavə problemdir”.
Stavros Kontonis Olimpiya Oyunlarının müsbət cəhəti kimi Yunanıstan mədəniyyətinin tanıdılmasındakı rolunu vurğulayıb.
Şərhlər