Rusiyadan Ukrayna aviaşirkətlərinə sanksiya
30.09.2015 00:51 Dünyadan reaksiya 1686
Rusiya Federal Hava Nəqliyyatı Agentliyi “Rosaviasiya” Ukrayna aviaşirkətlərinə bu il oktyabrın 25-dən etibarən Rusiyaya uçuşların qadağan olunması ilə bağlı xəbərdarlıq göndərib.
APA-nın verdiyi məlumata görə, bu addım rəsmi Kiyevin Rusiya Federasiyası ilə 2015-2016-cı illər üçün aviamübadiləni dayandırmasına cavabdır.
“Rosaviasiya”dan bildiriblər ki, uçuşlara tətbiq olunan qadağa Kiyev tərəfindən analoji qərarına ləğv edilməsinə qədər qüvvəyə qalacaq: “Təəssüf ki, Kiyev tərəfindən düşünülməmiş şəkildə qəbul edilən qərar Ukrayna vətəndaşlarına zərər vuracaq. Rusiya aviaşirkətlərinin məlumatına görə, iki dövlət arasında həyata keçirilən uçuşlarda sərnişinlərin 70%-ni ukraynalılar təşkil edir”.
Qeyd edək ki, rəsmi Kiyev tərəfindən 16 sentyabrda qəbul edilmiş sanksiya siyahısına Rusiyanın aviaşirkətləri də daxil edilib. Rusiyanın baş naziri Dmitri Medvedyev isə Nəqliyyat Nazirliyinə Ukrayna aviaşirkətlərinə qarşı cavab sanksiyalarının tətbiq olunması barədə tapşırıq verib.
Şərhlər