“Bayrağın qaldırılması hər bir fələstinlinin sevincidir” - Səfir

01.10.2015 16:10     Dünyadan reaksiya     2054

Xəbər verildiyi kimi, dünən Nyu-Yorkda BMT-nin qərargahında Fələstin dövlətinin bayrağı ucaldılıb. Ancaq rəsmi Vaşinqton bayrağın ucaldılmasının əleyhinə olub.

Fələstinin Azərbaycandakı səfiri Nasser Abdel Kareem bu olaya münasibət bildirib.

O, Reaksiya.az-a Fələstin bayrağının BMT-nin qərargahında ucaldılmasının və onun digər dövlətlərin bayraqlarına qoşulmasının mühüm siyasi dəlilləri əhatə edən simvolik bir addım olduğunu deyib.

“Fələstinlilərin həyatının bütün sahələrinə nəzarət edən və müasir bəşəriyyət tarixinin ən uzun işğalı olan İsrail işğalı sona çatır. Öz müstəqil Fələstin dövlətində irqi ayrı-seçkilik siyasətindən uzaq və radikal israil hökumətinin həyata keçirdiyi alçaltma olmadan azad və ləyaqətlə yaşamaq üçün nəsillər bir-birini əvəz edir. BMT-də bayrağın ucaldılması da Fələstin xalqının öz mübarizəsi yolunda verdiyi qurbanların səmərələrindən biridir”, - deyə səfir vurğulayıb.

“Mənim və hər bir fələstinlinin hissləri bu diplomatik nailiyyət üçün sevinc hissləridir. Fələstin və İsrail xalqı, ümumilikdə region millətləri sülh və bir-biriləri ilə əməkdaşlıq içərisində yaşamalıdır. Bu, İsrail dövləti ilə yanaşı paytaxtı Qüds Şərif olan Fələstin dövlətinin də yaradılması və münaqişənin sülh yolu ilə həll edilməsinə nail olmaq üçün bizim düzgün siyasi mübarizəmiz istiqamətində bir addımdır. İsrail işğalının sona çatması və hal-hazırki vəziyyətin davam etməsinin etik və mənəvi olaraq rədd edilməsi ümumdünya fikrinin böyük istəyidir. Az sayda dövlətlər var ki, onlar İsrail işğalının sona çatmasının tərəfdarı olduqlarını, İsrail və Fələstin arasında iki dövlət həllini dəstəklədiklərini söyləyirlər və insan haqlarının qorunmasına çağırışlar edirlər, lakin eyni zamanda bu məqsədin yerinə yetirilməsinə töhfə verən qətnamələrə qarşı səs verir və bununla Fələstin torpaqlarının İsrail tərəfindən qeyri-qanuni işğalının davam etməsini siyasi olaraq himayə edirlər. Bununla bu dövlətlər öz mənəvi və etik etibarlılıqlarını itirmiş olurlar. Ümid edirik ki, bu dövlətlər beynəlxalq ictimaiyyətin böyük əksəriyyəti ilə uyğunlaşmaq, beynəlxalq qanunvericilik və qanunun prinsiplərinə müvafiq olaraq öz mövqelərini təkrar gözdən keçirəcəklər", - deyə Fələstinin Azərbaycandakı səfiri qeyd edib. 

Şərhlər

Çox oxunanlar