Ərdoğan Brüsseldə türklərə səsləndi - “Türkiyə üçün çalışmalısınız”
05.10.2015 12:28 Dünyadan reaksiya 1867
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Belçikanın paytaxtı Brüsseldə Stefanie Meydanında Avropalı Türk Demokratlar Birliyinin (UETD) təşkil etdiyi "Birlik, Əmin-amanlıq, Sevgi, Sülh” adlı tədbirdə çıxış edib.
Reaksiya.az xəbər verir ki, Fransadakı "Milyonlarla insan terrora qarşı tək bir səslə” mitinqinə qatıldıqdan sonra Brüsselə gedən Ərdoğan "Terrorla mübarizəni qətiyyətlə davam etdirəcəyik" sözlərini deyib: "1 noyabrda mənim Avropadakı qardaşlarım səsvermədə iştirak etsinlər. Demokratik haqqınızı son nöqtəyə qədər istifadə etməlisiniz, terrora son qoymaq, daha güclü bir Türkiyə üçün çalışmalısınız. İnanıram ki, bu əzminizi 1 noyabrda ortaya qoyacaqsınız".
Ərdoğan Türkiyədə 2 milyon suriyalı və iraqlı qaçqın olduğunu xatırladıb: "Qaçqınlara ev sahibliyini edən bizik. Xərcimiz 7.5 milyard dollardır. Dünyadan bizə gələn maliyyə dəstəyi isə 419 milyon dollar olub. Aralıq dənizi hazırda qan gölünə dönüb. Bu ilin əvvəlindən etibarən 60 min insanı dənizdən xilas etdik. Ölkəmizdə yaşayan miqrantlara yaxşı münasibət bəsləyirik. Yezidi, xristian və müsəlmanlar arasında ayrıseçkilik etmirik. Sadəcə insandır dedik və razılaşdıq. Açıq qapı siyasətimiz davam edəcək".
Kobanidən gələnlərə də Türkiyənin qapılarını açdığını vurğulayan Ərdoğan "Sərhədi açmışıq. 220 min insana qapısını açan bizik. Hazırda onların 80-90 mini təkrar Kobaniyə qayıdıb. Digərləri yenə də ölkəmizdədir” sözlərini qeyd edib.
Ərdoğan Belçikaya Kral Filippin dəvəti ilə gəldiyini xatırladıb: "1838-ci ildən bu yana ilk dəfə Türkiyə və Belçika arasında rəsmi dəvəti bu şəkildə həyata keçirdik. Arzu edirəm ki, bu görüşlə Belçika-Türkiyə arasında olan münasibətlərimizi də fərqli bir nöqtəyə gətirəcəyik".
Şərhlər