Misirdən Rusiyaya sürpriz dəstək

06.10.2015 06:39     Dünyadan reaksiya     1581

Rəsmi Qahirə Rusiya hərbi aviasiyasının Suriyada keçirdiyi əməliyyatlara dəstək verdiyini açıqlayıb. Ans press-in məlumatına görə, bu barədə Misirin xarici işlər naziri Səmih Şükri bəyanat yayıb. Bəyanatda rəsmi Moskvanın məqsədinin Suriyada İŞİD hədəflərinə aviazərbələr endirmək olduğu bildirilib. 

“Rusiya ilə olan təmaslarımız nəticəsində rəsmi Moskvanın Suriyada terrora qarşı mübarizə aparma və terrorrun qarşısını almaq mövqeyini dəstəkləyirik. Əməliyyatların məqsədi İŞİD hədəflərini bombardıman etməkdir. Bu əməliyyatlar terrorun bitirilməsinə və zərərsizləşdirilməsinə yardımçı olacaq.” 

Politoloqlar bildirir ki, Misirin Suriya barədəki bu mövqeyi Səudiyyə Ərəbistanı və Körfəz ölkələri ilə olan münasibətlərinə mənfi təsir edəcək. Yəməndə keçirilən əməliyyatlar mövzusunda fikir birliyi olan Riyadla Qahirə arasında Suriya və Əsəd məsələsində fikir müxtəlifliyi yaranır. 

Ötən həftə cümə günü Səudiyyə Ərəbistanı, Türkiyə, ABŞ, Fransa, İngiltərə, Almaniya və Qətər ortaq bir bəyanat yayaraq Rusiyadan, Suriyada keçirdiyi hava əməliyyatlarını dərhal dayandırmağı tələb etmişdi. 

Sentyabrın 30-da Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə Rusiya hərbi aviasiyasına məxsus qırıcılar Suriya ərazisində hərbi əməliyyatlara başlayıb. Əməliyyat öncəsində bunun İŞİD-ə qarşı mübarizə olduğu bildirilsə də daha sonra rus qırıcılarının Əsəd rejiminə qarşı olan dinc əhalini bombardıman etdiyi iddia olunmuşdu.

İki gün əvvəl Rusiya hərbi aviasiyasının Suriya ərazisindəki türkmən bölgələrini bombardman etdiyi bildirilmişdi.

Ötən gün isə Rusiyaya məxsus qırıcılar Türkiyənin hava sərhədini pozmuş, bu səbəbdən rəsmi Ankara rəsmi Moskvaya nota vermişdi. Eyni gün suriyalı müxaliflər Rusiya hərbi aviasiyasına məxsus qırıcı təyyarəni vurmağa müvəffəq olublar. 

Şərhlər

Çox oxunanlar