Belaruslu yazıçı Nobel Ədəbiyyat mükafatını aldı

08.10.2015 16:29     Dünyadan reaksiya     2091

2015-cü ilin ədəbiyyat üzrə Nobel mükafatı belaruslu yazıçı Svetlana Aleksiyeviçə verilib.

Reaksiya.az xəbər verir ki, müəllif bu mükafata çoxsəsli yaradıcılığına görə layiq görülüb.

O, “Müharibə qadın üzlü deyil”, “Sink oğlanlar”, “Ölümlə ovsunlanmışlar”, “Çernobl uşaqları”, “Sekond-hand zamanı” və başqa əsərlərin müəllifidir.

İsveç Kral Akademiyasının 1901-ci ildən təqdim etdiyi Nobel Ədəbiyyat Mükafatı keçən il fransız yazıçısı Patrik Modianoya verilib.

Qeyd edək ki, Svetlana Aleksiyeviç 1948-ci il may ayının 31-də Ukraynanın İvano-Frankovsk şəhərində anadan olub. Atası belarus, anası ukraynalı olan Svetlananın ailəsi sonradan Belarusa köçüb. 1972-ci ildə Belarus Dövlət Universitetinin jurnalistika fakültəsini bitirən Svetlana ölkənin bir çox mətbu orqanlarında çalışıb. 1983-cü ildə SSRİ Yazıçılar Birliyinin üzvü olan Aleksiyeviç 2000-ci ildən etibarən İtaliya, Fransa və Almaniyada yaşayıb. Son iki ildə isə o, Belarusda məskən salıb.

Bir çox əsərlərin müəllifi olan yazıçı 2013-cü ildə də Nobel mükafatına namizəd olub. Həmin il bu mötəbər mükafat kanadalı yazıçı Elis Manroya verilib. 

Şərhlər

Çox oxunanlar