Tehran raket xəbərini təsdiqləmir, Moskva isə təkzib edir

09.10.2015 02:28     Dünyadan reaksiya     1477

Rəsmi Tehran Xəzər dənizi akvatoriyasından İŞİD-in Suriyadakı mövqelərinə atılan Rusiya raketlərinin İrana düşməsi barədə xəbərlərə dair hər-hansı məlumata malik olmadığını bildirib.

Reaksiya.az-ın məlumatına görə, bu barədə “RİA Novosti” İranın Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

“Rusiya raketlərinin İrana düşməsinə dair bizdə  heç bir məlumat yoxdur”, deyə nazirlikdən bildirilib.  

Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov CNN telekanalının  Rusiya raketlərinin İrana düşməsi barədə yaydığı xəbəri təkzib edib. “CNN-dən fərqli olaraq biz anonim mənbələrə istinadən məlumat vermirik,  biz real vaxt rejimində raketlərin buraxılışını və onların hədəfləri necə vurduğunu göstəririk”, deyə Konaşenkov bildirib.  

Pentaqon da, öz növbəsində, Rusiya raketlərinin İrana düşməsi xəbərini təsdiqləməyib.   

Qeyd edək ki, CNN Xəzər dənizi akvatoriyasından İŞİD-in Suriyadakı mövqelərinə atılan Rusiya raketlərindən dördünün İrana düşməsi barədə xəbər yayıb.

Şərhlər

Çox oxunanlar