Daha bir Qarabağ nümayəndəsi Ermənistan hərbi rəhbərliyinə gətirilib
16.06.2015 13:30 Dünyadan reaksiya 1720
“Reaksiya.az” “BBC”-yə istinadən xəbər verir ki, Ermənistan prezidenti Serj Sarkisyanın fərmanı ilə general-leytenant Lyova Mnatsakanyan Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi müavini vəzifəsindən azad edilib.
Prezident Sarkisyanın başqa bir fərmanı ilə SQ baş qərargah rəisinin müavini vəzifəsinə general-leytenant Movses Hakobyan təyin edilib, Ermənistan prezidentinin mətbuat xidmətindən alınan məlumatda deyilir.
Movses Hakobyanın 50 yaşı var. O, Dağlıq Qarabağın Martuni (Xocavənd) rayonunun Çartar kəndində anadan olub. 2007-ci ildən bu günədək özünü müstəqil respublika elan etmiş Dağlıq Qarabağ “müdafiə naziri” vəzifəsini tuturdu.
Movses Hakobyandan əvvəl bu vəzifəni tutan Seyran Ohanyan 2008-ci ildə Ermənistan Respublikasının müdafiə naziri təyin olunub.
Ermənistan mətbuatında dolaşan məlumatlara görə, Qarabağda Movses Hakobyanın yerini general-leytenant Lyova Mnatsakanyanın tutacağı ehtimal olunur.
Artıq sabiq “Qarabağ müdafiə naziri” isə gələcəkdə Ermənistan SQ Baş Qərargahının hazırkı rəisi Yuri Xaçaturovu əvəz edəcək.
Yuri Xaçaturov çoxdan təqaüdə çıxıb, lakin prezident Serj Sarkisyanın 2013-cü ildə imzaladığı xüsusi fərmana əsasən, Xaçaturovun vəzifədə qalması müddəti 2017-ci il mayın 1-nədək uzadılıb.
Şərhlər