Fransua Olland dünyaya səsləndi - “Sübut istəyirlərsə, sübut buradadır”

17.10.2015 11:49     Dünyadan reaksiya     2039

Fransa Prezidenti Fransua Olland gələn ay Parisdə keçiriləcək BMT-nin İqlim Sammiti öncəsi İslandiyanın paytaxtı Reykyavik şəhəri yaxınlığında qlobal isinmə üzündən əriyən Solheimajökull buzunu ziyarət edib.

Reaksiya.az xəbər verir ki, 1931-ci ildən bu yana təxminən 1,2 kilometrə qədər əriyən buzlaq qarşısında çıxış edən Olland "Qlobal isinmə məsələsində şübhələri olanlar bura mütləq səfər etməlidir. Bu, reallıqdır. Sübut istəyirlərsə, sübut buradadır" sözlərini deyib.

Qlobal isinməyə qarşı hamını həssas olmağa dəvət edən Olland daha sonra bunları deyib: "Buzlağın əriməsi, eyni zamanda tarixin yox olması deməkdir. Qlobal istiləşmənin təsirlərindən çox bədbinəm. Bu buzlaq hər il 50 metr əriyir. Bu, bizim xəyal etdiyimizdən də daha sürətlə baş verir".

Ekspertlərə görə, dünya iqliminin sənayedən atmosferə atılan karbondioksid üzündən getdikcə istiləşməsi bütün dünyada buzlaqların və buz dağlarının əriməsinə səbəb olur. İslandiyada 269 iri buzlağın ildə 11 milyard ton əridiyi güman edilir.

Şərhlər

Çox oxunanlar